- 12 Fevral 11:47
"Ölkəmizdə fəaliyyət göstərən ixtisaslaşmış məhkəmələrlə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin ilk dialoq platforması çox uğurlu və faydalı keçdi".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
“Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri hörmətli İnam Kərimovun təşəbbüsü ilə keçirilən Femida Dialoq platformasının məntiqi davamı olan bu görüşün əsas təşəbbüskarı Bakı Kommersiya Məhkəməsinin sədri hörmətli İlham Əhmədova və Kollegiyanın Biznes Hüququ Komitəsinin sədri hörmətli Nazli xanım Əhmədovaya görüşün yüksək səviyyədə təşkili üçün dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu cür görüşlər hakim-vəkil münasibətlərinin daha da sağlam, ədalət mühakiməsinin və müdafiə institutunun isə daha da güclü, əlçatan, şəffaf və peşəkar olmasına böyük töhfə verəcəkdir. Bu formatın davamlı olmasını və ölkəmizdə fəaliyyət göstərən digər məhkəmələrlə də keçirilməsini təklif edirəm", - deyə sədr qeyd edib.
Qeyd edək ki, ötən gün Bakı Kommersiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə kommersiya mübahisələrinin xüsusiyyətlərinə və aktual məsələlərinə həsr olunmuş seminar - dəyirmi masa keçirilib.