2020-ci ildə Azərbaycan vəkilliyi üçün hansı işlər görüldü? - HESABAT


  • 5 Yanvar 2021 18:43

2020-ci il koronavirus pandemiyasının davam etməsi, habelə 2-ci Dağlıq Qarabağ müharibəsi kontekstində həm vəkil peşəsi, həm də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının fəaliyyəti üçün təlatümlü dövr kimi qiymətləndirilməlidir. Xüsusilə adı çəkilən səbəblər ölkəmizdə əhaliyə peşəkar hüquqi yardım göstərilməsi və ölkədə məhkəmələrin məhdud rejimdə işləməsi səbəbilə vəkillərin hüquq-müdafiə fəaliyyətinə təsirsiz ötüşməmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.

Cari ilin sentyabr ayında Ermənistanın təxribatı nəticəsində başlanmış 2-ci Dağlıq Qarabağ müharibəsi ilə bağlı qeyd olunmalıdır ki, Vəkillər Kollegiyasının özündə hüquqi və faktiki əsasları ehtiva edən İngilis və Rus dillərində hazırlanmış hesabat xarakterli 2 müxtəlif müraciətləri beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 230 beynəlxalq təşkilata və ali qurumların 40 səlahiyyətli şəxslərinə göndərilmiş, Ermənistan tərəfindən həyata keçirilən ekoloji və mədəni terrora qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırmışdır.

Həmçinin münaqişənin başlandığı ərəfədə Türkiyə Vəkillər Kollegiyası İttifaqı, Türkiyənin müxtəlif vilayətlərinin vəkillər kollegiyaları, bələdiyyə sədrləri tərəfindən ölkəmizin haqq işində dəstək müraciətləri Kollegiyaya göndərilmiş, hətta həmin təşkilatlar münaqişə nəticəsində zərər çəkmiş soydaşlarımıza maddi dəstək göstərilməsi barədə niyyətlərini bəyan etmişlər.

Həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Pakistan Respublikasının Vəkillər Kollegiyaları arasında qurulmuş dostluq münasibətlərinin nəticəsi olaraq Pakistan Vəkillər Şurasının, Pakistan Ali Məhkəməsi Vəkillər Kollegiyasının, İslamabad Yüksək Məhkəmə Vəkillər Kollegiyasının, Lahor Yüksək Məhkəmə Vəkillər Kollegiyasının nümayəndələri Azərbaycan Respublikasının Pakistandakı Səfirliyində ölkəmizin Pakistandakı səfiri səfir Əli Əlizadə ilə görüşmüşlər və Dağlıq Qarabağ konflikti ilə bağlı ölkəmizə olan dəstəklərini bildirmişlər.

Bundan baqşa, Azərbaycan Respublikasının müsəlman xalqına dəstək üçün və Ermənistan hökuməti tərəfindən Dağlıq Qarabağın işğalı ilə bağlı olaraq İran İslam Respublikasının Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları ` Komissiyasının dəstək məzmunlu Bəyannaməsi qəbul edilmiş və bu barədə məlumat Azərbaycan Respublikası Vəkillər Kollegiyasına təqdim edilmişdir.

Vəkillər Kollegiyasının büdcəsindən Silahlı Qüvvələrinə Yardım Fonduna Azərbaycan Vəkilliyinin adından 150 min manat köçürülmüş, Kollegiyanın üzvlərinin cəbhə bölgəsində dəstək səfərləri təşkil olunmuşdur.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 7 üzvü döyüşlərə qatılmış və Rəyasət Heyəti tərəfindən onların ailə üzvlərinə hərbidə olduqları müddət aylıq şəkildə maddi yardım göstərilmişdir. O cümlədən əlamətdar haldır ki, Dövlət başçısının sərəncamları ilə vəkillərdən Kərimov Fərhad Azad oğlu “Cəsur döyüşçü”, Əzimov Rauf Nəriman oğlu isə "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişlər.

Eyni zamanda, Rəyasət Heyətinin müvafiq qərarına əsasən, vəkillər tərəfindən şəhid ailələrinə və yaralanmış qazilərə ödənişsiz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qət olunmuş. Həmçinin şəhid ailələrinin vəkil qurumuna getməsinə ehtiyac olmadan vəkillərin özlərinin həmin şəxslərin evlərinə getməklə yerində hüquqi yardımın göstərilmələri qərara alınmışdır.

Ölkədə koronavirusla mübarizə sahəsində Kollegiya tərəfindən görülmüş işlərə gəldikdə isə qeyd olunmalıdır ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə ölkəmizdə koronavirusla mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq dövlət başçısının imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Kollegiya tərəfindən 50 min manat vəsait köçürülmüşdür. Həmin vəsait Vəkilliyin İnkişafı Fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkilllərin iştirakı təmin olunmuşdur.

Bu çərçivədə vəkillər karantin dövründə (cari ilin iyul, dekabr və 2021-ci ilin yanvar aylarında) üzvlük haqqından azad olunmuş, həmçinin, 60 və daha yuxarı yaşlı vəkillərin isə bunlardan əlavə 2020-ci ilin mart ayının 24-dən iyun ayının 1-ə kimi üzvlük haqqından tam azad edilmişlər, karantin dövründə 60 və daha yuxarı yaşlı vəkillər vəkil qurumlarında növbətçiliyə cəlb olunmaması üzrə tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ölkəmizdə insan hüquq və azadlıqlarının peşəkar müdafiəsi işinin təşkilinə cavabdeh təşkilat olması, bu istiqamətdə vəkillik fəaliyyətinin məhdudiyyətsiz həyata keçirilməsi, dolayısilə Kollegiya üzvlərinin ölkə hüdudlarında sərbəst hərəkətinin təmin edilməsi məqsədilə bu yaxınlarda Rəyasət Heyəti tərəfindən Nazirlər Kabinetinə müraciət ünvanlanmışdır. Rəyasət Heyətinin müraciətində qeyd olunmuş zərurət nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarına əsasən, vəkillərin Kollegiyaya üzvlük vəsiqələri əsasında ölkə ərazisində sərbəst hərəkət etmələri məsələsi öz həllini tapmışdır. Həmçinin koronavirus infeksiyası ilə bağlı vəziyyət və bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi vətəndaşlar üçün ödənişsiz onlayn hüquqi yardım xidmətləri göstərilmişdir.

Həmçinin ötən dövr ərzində koronavirusdan və digər xəstəliklərdən əziyyət çəkən 6 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilmişdir.

Bilidiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Mediasiya Şurasının təsis edilməsi işçi qrup yaradılmışdır. İşçi qrupda Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ali Məhkəmə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vəkillər Kollegiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi öz səlahiyyətli nümayəndələri vasitəsilə təmsil edilmişdirlər. Bu çərçivədə, ölkəmizin tarixində ilk dəfə olaraq yaradılmış Mediasiya Şurasının 2 təsisçisindən biri kimi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə bərabət Vəkillər Kollegiyası çıxış etmişdir.

Rəyasət Heyətinin fəaliyyətinə gəldikdə 2020-cu il ərzində Rəyasət Heyətinin 20 iclası və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə əsasən 3 ildə bir dəfə keçirilən Kollegiya üzvlərinin 28.12.2020-ci il tarixdə konfransı baş tutmuşdur. Konfransda Rəyasət Heyətinin ötən dövr üzrə hesabatı təqdim olunmuş, vəkilliyin fəaliyyətini tənzimləyən bir sıra sənədlərə mütərəqqi dəyişikliklər edilmiş, Rəyasət Heyətinin və İntizam Komissiyasının yeni üzvləri seçilmişdir. Konfransda “Vətən Müharibəsi”ndə iştirak edən, ordudan yeni təxris olunmuş “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuş vəkilliyə namizəd Elvin Məhərrəmov təntənəli şəkildə vəkil andı içərək vəkilliyə qəbul olunmuşdur.

Keçirilmiş iclaslarda mütəmadi olaraq Rəyasət Heyəti tərəfindən həyata keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verilmiş, o cümlədən Kollegiyanın cari fəaliyyəti ilə bağlı qərarlar, normativ sənədlər qəbul edilmişdir.

Belə ki, 2020-ci il ərzində baş tutmuş iclaslarda Rəyasət Heyətinin qərarı ilə “Vəkil qurumlarının, vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemi”, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemi”, “Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin əsas vəsaitlərinin inventarizasiya qaydaları”, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mühasibat uçotu siyasəti ilə bağlı qaydaları”, “Vəkillərin sığorta bank hesabı və həmin hesaba daxil olan vəsaitdən istifadə qaydaları” qəbul olunmuş və "Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə təlimat" dəyişikliklər edilmişdir.

Əvvəlki illərdən fərqli olaraq 2020-ci ildə Vəkillər Kollegiyasının vəzifələri sıra yeni fəaliyyət əlavə olundu. Məlum olduğu kimi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərman ilə 2020-ci ildən etibarən dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olundu.

Dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin vəkillərə ödənilməsi ilə əlaqəli 2020-ci il ərzində qanunvericiliyin tələblərinə cavab verən və Kollegiyanın Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən Vəkillər Kollegiyasının Aparatına təqdim olunmuş məhkəmə və cinayət prosesini həyata keçirən digər orqanlar tərəfindən qəbul edilmiş dövlət hesabına hüquqi yarıma görə vəkillərə ödənişi nəzərdə tutan ümumlikdə 21913 qərarı icra edilmişdir.

İcra edilmiş həmin qərarlar üzrə ümumilikdə 2.664.167 manat vəsait istifadə olunmuşdur ki, bu da dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin 48 %-ni təşkil edir. İcra edilmiş qərarların faiz nisbəti isə 100 faiz təşkil etmişdir.

Vəkillər Kollegiyası tərəfindən cari il ərzində 88 ödəniş sənədi icra edilmişdir ki, bu da əvvəlki illərdə dövlət büdcəsinin yerli xərclərindən maliyyələşmənin aparılması ilə müqayisədə icra vəziyyətinin təqribən 3,6 dəfədən artıq olduğunu göstərir.

30.12.2020-ci il tarixədək il ərzində Rəyasət Heyətinə 2829 müraciət daxil olmuşdur. Onlardan 1413-ü vətəndaşlar, 159-u məhkəmələr, 714-ü vəkil qurumları, 37-i beynəlxalq təşkilatlar, 253-ü vəkiliyə namizədlər tərəfindən vəkilliyə qəbulla bağlı və 253-ü digər (tədbirlərə dəvət, qanunvericilik və s.) bağlı olmuşdur. Rəyasət Heyəti tərəfindən isə 1215 məktub göndərilmişdir.

İnnovativ yeniliklərlə bağlı Kollegiya öz işini davam etdirməkdədir. Görülən işlər qismində vəkil sorğularının elektron formada əldə olunması üzrə Elektron Hökumətin İnkişafı Mərkəzi ilə işlər davam etidirlməkdədir. Həmçinin yaxın gələcəkdə “Elektron vəkil orderi” və “Davamlı tədris üzrə” elektron platformalar vəkillərin istifadəsinə təqdim olunacaqdır. Bundan başqa, pandemiya səbəbilə, karantin rejimi nəzərə alınmaqla "LegalAid" elektron hüquqi yardım mobil tətbiqi hazırlanaraq vətəndaşların istifadəsinə verilmişdir.

Vəkilliyə qəbulla bağlı aparılmış tədbirlərlə bağlı qeyd etmək lazımdır ki, pandemiya səbəbilə 2020-ci il ərzində yalnız 1 dəfə vəkilliyə qəbul üzrə test imtahanı keçirilmiş, habelə test mərhələsini müvəffəqiyyətlə keçən namizədlərlə Vəkillərin İxtisas Komissiyası tərəfindən ilk dəfə onlayn qaydada şifahi müsahibələr keçirilmişdir. Nəticə etibarilə il ərzində keçirilmiş ixtisas imtahanlarının yekununda Respublikada fəaliyyət göstərən vəkillərin sayı 1708-dən 1844 nəfərədək artmışdır ki, bu isə 2017-ci illə müqayisədə vəkillərin sayının 100% artımı kimi başa düşülməlidir.

Vəkillərin davamlı tədrisinə gəldikdə isə Hüquqi Yardım və Tədris Mərkəzi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə dövri olaraq həm vəkilliyə namizədlər, həm vəkillər, həm də vəkil köməkçiləri üçün təlimlər təşkil olunmuşdur. Həmin təlimlərdə 625 vəkil iştirak etmişdir. İcbari təlimlərə gəldikdə isə, son iki ildə 872 vəkilliyə nazmizəd ilkin icbari təlimlərdə iştirak etmişdir. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi Kollegiyanın tədris prosesinə dəstək verən beynəlxalq təşkilatlar sırasındadır. O cümlədən, UNİCEF və UNFPA-nın dəstəyi ilə vəkillər üçün uşaq hüquqları və məişət zorakılığı ilə mübarizə sahəsində kitab formalı bələdçilər hazırlanmışdır.

Vəkil qurumlarının təşkili ilə bağlı qeyd etmək lazımdır ki, son bir il ərzində isə regionlarda 2, paytaxtda 8 yeni vəkil qurumu fəaliyyətə başlamışdır ki, ölkə üzrə vəkil qurumlarının sayı 99-a çatmışdır.

Həmçinin, qanunsuz “vəkillik” halları ilə də geniş mübarizə aparılmışdır. Eyni zamanda, bu kimi halların aşkarlanması və qarşısının alınması məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətində yaradılan “Qaynar xətt” fəaliyyətini davam etdirməkdədir.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu il də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm vermiş, bir çox görüşlər keçirmişdir.

Xüsusilə cari ilin fevral ayında Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avropa Vəkillər Kollegiyalarının sədrinin konfransında iştirak üçün Avstriyanın Vyana şəhərinə səfərdə olunmuşdur.

May ayında Azərbaycan, Belarus, Rusiya Federasiyası vəkilliyinin rəqəmsal ekosisteminin formalaşdırılması üzrə, sentyabr ayında Avropa Vəkillər Kollegiyaları Assosiasiyasının (CCBE), Almaniya Fedral Vəkillər Palatasının, Qazaxıstan Vəkillər Kollegiyasının, Vəkillər Kollegiyası Hüquqşünasların Beynəlxalq Assosiasiyası (UIA) və Asiya və Okeanı Ölkələrinin Hüquq Assosiyasına (LAWASIA) təşkil etdiyi onlayn konfranslarda iştirak edilmişdir.

Bu dövr ərzində BMT-nin ixtisaslaşmış qurumları olan Beynəlxalq Miqrasiya Təşkilatı, İnsan Hüquqları, habelə Uşaq hüquqları üzrə komissarlıqları, Avropa Vəkillər Kollegiyaları Assosiasiyası (CCBE), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), habelə Avropa Şurası, Avropa İttifaqı və Dünya Bankı ilə əməkdaşlıq münasibətləri davam etdirilmişdir möhkəmləndirilmiş, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq memorandumu bağlanılmışdır. Azərbaycan Respublikası Ombudsmanı, Almaniya-Azərbaycan Ticarət Palatasının üzvlərinin iştirakı ilə müxtəlif tarixlərdə keçirilmiş yerli tədbirlərdə iştirak edilmişdir.

Eyni zamanda, pandmeiya səbəbilə Vəkillər Kollegiyasının nümayəndələri 12 beynəlxalq tədbirdə iştirak etmişlər. Bunlardan 5-də Vəkillərin Kollegiyasının sədri bilavasitə iştirak etmişdir. 2020-ci ərzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vəkillik sahəsində ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatlara üzv olmuşdur. Belə ki, bu il Vəkillər Kollegiyası Hüquqşünasların Beynəlxalq Assosiasiyası (UIA), Asiya və Okeanı Ölkələrinin Hüquq Assosiyasına (LAWASIA) üzv seçilmişdir.










Oxşar xəbərlər