Məlum olduğu kimi, Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin 19.07.2018-ci il tarixli qərarı ilə hər ilin 30 iyul günü “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi qeyd olunur. 30 iyul 1919-cu il tarixi – Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinin məlum qərarı ilə “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” olaraq müəyyən olunub. Bu il isə Azərbaycan vəkilliyinin 100 illik yubileyidir. Uzun tarixi yol keçmiş bu peşə sahibləri hazırda Azərbaycanda vəkillik fəaliyyətini necə qiymətləndirir? Keçmişdən bu günədək bu sahədə hansı irəliləyişlər əldə olunub?
E-huquq.az bu sualla vəkillərə müraicət edib.
Vəkil Anar Qasımlı e-huquq.az-a açıqlamasında bidirib ki, 2017-ci ildən başlayaraq vəkillik sahəsində ciddi inkişaf baş verib. O, vəkillərin sayının artırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib:
“Çox təəssüf ki, Azərbaycan vəkilliyinin 100 ilinin təxminən 98-99 ili səmərəsiz keçib. İllər ərzində, xüsusən də sovet dövründə vəkilliyin inkişafı üçün hər hansı bir tədbir görülməyib. Müstəqillik əldə etdikdən sonra vəkillik fəaliyyəti haqqında qanunun qəbul olunması Azərbaycan vəkiliyi üçün mütərəqqi bir hal idi. Lakin təəssüf ki, bundan sonra da Azərbaycan vəkilliyində mövcud qanunvericiliyin əksəriyyəti kağız üzərində qaldı. Burada heç bir inkişafdan, heç bir yenilikdən söhbət gedə bilməzdi. Sevindirici haldır ki, 2017-ci ildə Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti formalaşdıqdan sonra qısa müddət ərzində 90 ildən artıq müddətdə görülməyən işlər görüldü. Bu mənada vəkillərin sayının artmasını qeyd etmək olar. Hazırda vəkillərin sayı 1600 nəfəri keçib. Ən əsası odur ki, bu artım kortəbii şəkildə olmayıb. İmtahanlar keçirilir, təlimlər təşkil olunur. Yəni kəmiyyət artımı ilə yanaşı keyfiyyət də nəzərə alınır”.

Vəkil Anar Qasımlı
Vəkil gənclərin bu peşəyə marağının artmasının sevindirici hal olduğunu söyləyib: Uzun müddət hamının yalnız təqaüdə çıxdıqdan sonra başqa peşə ilə məşğul ola bilməyəcək deyə gəldiyi vəkillik sahəsi artıq gənclərin peşəsinə çevrilib. Hesab edirəm ki, bu, yeni Rəyasət Heyətinin və şəxsən cənab Anar Bağırovun uğurudur. O, Azərbaycan vəkilliyini gəncləşdirdi, gənclərə sevdirdi və gənclərin peşəsinə çevirdi. Bundan əlavə, vəkilliyin nüfuzunun artırılması istiqamətində bir çox işlər görülür. Vəkilliyin beynəlxalq əlaqələri genişlənir. Təəssüf ki, indiyədək beynəlxalq əlaqələr demək olar ki, yox dərəcəsində idi. Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflıq artıb. Vəkillər Kollegiyası elektron hökumət layihəsinə inteqrasiya etmək üzrədir. Bu sahədə davamlı inkişaf gedir”.
A.Qasımlı vəkilliyə dövlət qayğısının artmasının bu sahənin inkişafına xüsusi töfhə verdiyini qeyd edib: “Son illər dövlətin də vəkilliyə diqqət və qayğısı artıb. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da bunu bir daha sübut edir. Bu Sərəncamın vəkilliyin maddi-texniki bazasının gücləndirilməsində, Vəkillər Kollegiyasının müvafiq yerlərdə inzibati binalarla təmin olunmasında mühüm əhəmiyyəti vardır. Bunun nəticəsidir ki, artıq bir çox yerlərdə regional vəkil qurumları yaradılıb. Bu regional vəkil qurumları dövlət tərəfindən ayrılmış inzibati binalarda fəaliyyət göstərir. Vəkillər Kollegiyası əhalinin aztəminatlı təbəqəsinin pulsuz hüquqi yardımla təmin olunması istiqamətində çox mühüm addımlar atıb. Bu amilləri nəzərə alaraq deyə bilərik ki, vəkillik doğrudan da güclü və nüfuzlu təsisata çevrilir. Demək olar ki, bu gün hər bir vəkil Azərbaycan vəkili olmasından fəxrlə, qürurla danışa bilir. Mən bütün həmkarlarımı Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə təbrik edirəm”.
Vəkil Hikmət Hüseynzadə vəkillik fəaliyyətində şəffaflığın təmin olunmasını müsbət hal kimi dəyərləndirib. H.Hüseynzadə bu sahədə davamlı inkişafın nəzərə çarpdığnı bildirib:
“Uzun illər ərzində vəkillik sahəsində durğunluq müşahidə olunurdu. Vəkillər Kollegiyasının fəaliyyəti nəzərə çarpmırdı. 2017-ci ildə yeni Rəyasət Heyəti yenidən təşkil olunduqdan sonra vəkillikdə artıq şəffaflaşma başladı. İclaslar, Rəyasət Heyətinin qəbul etdiyi qərarlar və imtahanlar haqda məlumatların hamısı açıq verilməyə başladı. Düşünürəm ki, bütün bunlar təqdirəlayiqdir. 2014-cü ildən 2018-ci ilədək 4 il ərzində vəkilliyə qəbul olmayıb. Amma 2018-ci ildən təxminən 3-4 dəfə imtahan keçirilib. Bu da çox müsbət bir haldır. Ümumiyyətlə bu sahədə inkişaf gedir. Vəkillər Kollegiyası müasir dövrə uyğunlaşmağa çalışır. Düşünürəm ki, bu, çox uğurlu olacaq”. 
Vəkil Hikmət Hüseynzadə
Vəkil Roman Qaraşov isə son illərdə atılan addımların vəkillik fəaliyyətinə yeni nəfəs gətirdiyini bildirib. O, vətəndaşların və dövlətin vəkillərə göstərdikləri etimadı doğruldacaqlarına ümid etdiyini söyləyib.

Vəkil Roman Qaraşov
“Vəkillik institutu tarixi kökləri hələ qədim sivilizasiyalarda mövcud olmuş və tarixən zəruri olan mühüm sosial-hüquqi institutdur. Ölkəmizdə Vəkillik institutu vətəndaş cəmiyyətinin bərqərar olunmasının ən önəmli hissəsi kimi 100 illik bir tarixi dövrü əhatə edən şərəfli inkişaf yolu keçmişdir. Ümumiyyətlə, insanların hüquq mədəniyyətinin artırılmasına yönələn səylərin çoxalmasına baxmayaraq hüquqi yardım almağa olan ehtiyac öz əhəmiyyətini bugündə saxlayır. Belə ki, artıq vəkillik heç bir dövlət orqanından asılı olmadan sərbəst maliyyə mənbələri əsasında öz maraqlarını deyil, hər bir vətəndaşın hüquq və maraqlarının müdafiəsi fəaliyyətini həyata keçirir. Son zamanlar silsilə şəklində davam edən köklü islahatlar Vəkillik fəaliyyətinə yeni nəfəs gətirmişdir. Ümid edirəm ki, biz vəkillər vətəndaşların və dövlətin bizə göstərdiyi etimadı daim doğruldacaq və daha inamlı, israrlı şəkildə hüququn cəmiyyətdə dərin kök salmasına vasitəçi olacağıq” – deyə, vəkil qeyd edib.
Müəllif: Xəyalə Bünyatova
