Məzmuna keç

Fuad Ələsgərov: “Vəkillik mürəkkəb inkişaf yolu keçib”

Fuad Ələsgərov:

"Ölkəmizdə vəkillik mürəkkəb inkişaf yolu keçib. Lakin heç şübhəsiz ki, bu təsisat özünün ən yüksək inkişaf səviyyəsinə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra nail olub"

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya cəmiyyətimizin müasir, demokratik, hüquqi dövlət quruculuğu mərhələsinə keçidinin bünövrəsini qoyub: "Azərbaycanda fundamental hüquqi iqtisadi sosial islahatların aparıldığı, azad sahibkarlığın inkişaf etdirildiyi şəraitdə yeni tipli vəkillik təsisatına zərurət yaranıb. Müstəqil Azərbaycanın yeni demokratik konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişməsinə və onun insan hüquq və azadlıqlarının səmərəli təmini mexanizmi qismində formalaşmasına əsas yaradıb".

F.Ələsgərov bildirib ki, insan hüquqlarının etibarlı mübarizəsi sabiq demokratik dövlətin təməl daşı və hər bir cəmiyyətin yetkinliyinin göstəricisidir: "Bu mənada 1998-ci ildə islahatların növbəti mərhələsində qəbul edilmiş "Vəkillər və vəkillik haqqında" Qanun hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ daxil olmaqla Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı kimi böyük əhəmiyyət kəsb edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə hazırlanmış bu qanun vəkillərin yeni statusunu və müstəqilliyinin təminatını müəyyən edib. Habelə, digər qanunvericilik aktları ilə birlikdə tərəflərin prosessual bərabərlik prinsipi təsbit edilmişdir. Bununla belə cəmiyyətin təkamüllük prosesi dayanmır".