BMT-nin 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktının 13-cü maddəsinədə qeyd olunur ki, “Təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir”. Bu postulatdan çıxış edərək bu günlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Məhkəmə-Hüquq Şurasının tərəfdaşlığı ilə respublikamızın 10 orta məktəbində keçirilən “Hüquq və Mən” layihəsi yekunlaşdırılmışdır. Layihə Mingəçevir, Qax, Bakı, Masallı, Gəncə şəhərlərində yerləşən 10 məktəbi əhatə etmişdir.
Peşəkar vəkillər və hüquqşünaslar tərəfindən və əsasən 10-11-ci sinif şagirdləri üçün keçirilən təcrübi-nəzəri təlimlər 5 həftə davam edib və gələcək həftlərdə isə onların məhkəmələrin fəaliyyəti tanış olmaları, həmçinin açıq məhkəmə iclaslarında iştirak etmələri məqsədilə mavafiq rayonların məhkəmələrinə ekskursiyalar təşkil ediləcəkdir.
Layihə çərçivəsində, şagirdlər üçün təlimlərdə istifadə üçün illüstrativ formatda oxu kitabı və işçi dəftər təqdim olunub. Məxsusi olaraq vəsaitlər üçün illüstrasiyalar Almaniyanın Potsdam Universitetinin qrafika-dizayn fakültəsi tərəfindən hazırlanıb. Qeyd olunmalıdır ki, "Hüquq və Mən" layihəsinin məsləhətçisi qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin işçisi Şakir Səfərbəyov tərəfindən layihədə təlimçi kimi iştirak edən vəkillərə layihə hesabatlılığına dair məsləhətlər verilib, layihənin icrasına texniki dəstək verilib.
Təlimlər Azərbaycan Respublikasının Vəkillərin Kollegiyasının üzvləri tərəfindən keçirilib.

