- 18:03
Azərbaycan çoxtərəfli münasibətlər sistemində həmişə fəallığını qorumağa çalışan bir dövlətdir. Qeyd etdiyim Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyət, COP29-a ev sahibliyi və hazırda davam edən sədrliyimiz bu istiqamətdə atılan mühüm addımlardandır. Növbəti illərdə də bu mövqeyi qoruyub saxlamaq üçün bir sıra vacib hadisələrin şahidi olacağıq. Xüsusilə qeyd edilməlidir ki, gələn il Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və həmin vaxtdan etibarən iki illik müddət ərzində bu təşkilata sədrliyi həyata keçirəcək.
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən müzakirələr zamanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.
O əlavə edib ki, cari il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü də Azərbaycanda keçirilməlidir. Gələn il üçün isə bir sıra digər mühüm beynəlxalq tədbirlər planlaşdırılır. Bunlardan biri də BMT sistemi çərçivəsində təşkil edilən irimiqyaslı tədbirlərdən sayılan Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsidir. Bu qərar təxminən yeddi namizəd şəhər arasında aparılmış rəqabətli seçki nəticəsində qəbul olunub və Bakıya üstünlük verilib. Bütün bu nümunələr bir daha göstərir ki, Azərbaycan qlobal çoxtərəflilik sistemində mərkəzi rol oynamağa davam edir. Bu istiqamətdə fəaliyyət növbəti illərdə də sistemli şəkildə davam etdiriləcək.