Sovet dövründə tikilmiş kooperativ binaların təmiri üçün vəsait ayrılması təklif olunur.
E-huquq.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
O bildirib ki, büdcə layihəsində dövlət balansında olan yaşayış binalarının dam örtüklərinin, fasadlarının və pilləkən qəfəslərinin təmiri üçün 60 milyon manat vəsait ayrılıb. Lakin kooperativ binalar dövlət balansında olmadığına və onların saxlanılması sakinlərin öhdəliyinə aid edildiyinə görə həmin binalar dövlət dəstəyindən faydalana bilmir.
“Hüquqi baxımdan hökumətin bu yanaşması doğrudur, lakin problemin həlli deyil”, – deyə deputat bildirib.
Azay Quliyev hesab edir ki, məsələnin həlli üçün iki variant nəzərdən keçirilə bilər: “Ya həmin binalar dövlət balansına keçirilsin, ya da onların təmiri üçün birdəfəlik maliyyə vəsaiti ayrılsın. Təmir edildikdən sonra binaların saxlanılması sakinlərin öhdəliyinə verilsin”, – deyə deputat əlavə edib.
Şəbnəm Mehdizadə
