Türkiyədə Azərbaycan zəngin mədəni irsini tanıtmaq məqsədilə tədbir təşkil olunub - FOTO


  • 15 May 13:55

Azərbaycanın zəngin və çoxşaxəli mədəni irsinin dünyaya tanıdılması və qardaş Türkiyə ilə mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə 13 may 2025-ci il tarixində Boğaziçi Universitetində möhtəşəm bir mədəniyyət tədbiri keçirilib.

E-huquq.az xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Konsulluğunun dəstəyi və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin fəal iştirakı ilə həyata keçirilib.

Tədbirin layihə rəhbəri Boğaziçi Universitetinin Kompüter Mühəndisliyi fakültəsinin 2-ci kurs tələbəsi Şəms Humay Nəsibzadə olub. Onun rəhbərliyi və “Koç”, “Sabancı” kimi aparıcı universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə hazırlanmış bu tədbir, mədəniyyətimizin zənginliyini və estetik dəyərlərini əhatəli şəkildə əks etdirib.

Tədbirdə Azərbaycanın qədim tarixə malik milli musiqiləri, rəqsləri, geyimləri, xalq sənət nümunələri və ədəbiyyatı geniş şəkildə təqdim olunmuşdur. Proqram çərçivəsində canlı ifalarda tar və kamança kimi milli musiqi alətlərinin müşayiəti ilə muğam və xalq mahnıları səsləndirilib, “Yallı”, “Uzundərə” kimi rəqslər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bundan əlavə, tədbir çərçivəsində milli mətbəx nümunələrinin sərgiləndiyi stendlər qurulmuş, qonaqlara Azərbaycan mətbəxinin özünəməxsus dadları təqdim olunub.

Tədbirdə Boğaziçi Universitetinin prorektoru, Azərbaycanın Türkiyədəki konsulu və digər rəsmi qonaqlar iştirak etmiş, iki qardaş ölkə arasında mövcud olan mədəni körpülərin önəmi barədə çıxışlar ediblər. Hər iki tərəf Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin yalnız siyasi və iqtisadi sahələrdə deyil, mədəni platformalarda da daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bu cür təşəbbüslər Azərbaycan mədəniyyətinin beynəlxalq arenada daha yaxından tanınmasına, gənclər arasında milli kimliyin qorunub saxlanmasına və iki ölkə arasında mədəni inteqrasiyanın gücləndirilməsinə xidmət edir.

Oxşar xəbərlər