"Onkoloji xəstələr üçün dərman təminatı lazımi səviyyədə deyil"


  • 17:44

"Səhiyyə sahəsində son 5 ildə xərclər təxminən 400% artmışdır. Lakin bu rəqəmlər artımın bütün alt sahələrdə eyni sürətlə əks olunmadığını göstərir. Ümumi artım fonunda onkoloji xəstələrin dərman təminatı və şəkərli diabet xəstələrinin ehtiyacları hələ də lazımi səviyyədə deyil. Xərclərin artımı ilə nəticələrin artımı paralel şəkildə getməlidir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, xüsusilə onkologiya sahəsinə diqqət yönəldib: "Dünyada artıq onkoloji xəstəlik “ümidsiz diaqnoz” deyil. Müasir target terapiyalar, immunoterapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun və yüksək həyat keyfiyyəti ilə yaşayırlar. Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən, dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3-4 dəfə artım həyati zərurətdir".

Deputat məsələnin vacibliyini vuğulayıb: "Target dərmanlar xəstənin ömrünü illərlə uzadır. Bu həm sosial məsuliyyət, həm də insan kapitalının qorunmasıdır. İTS-in üzərinə düşən yük son illərdə həddindən artıq artmışdır. Onkoloji dərmanların tam İTS-in üzərinə qoyulması sistemdə boşluqlar yarada bilər. Xəstələrin öz cibindən müalicə etməsi real deyil. Müalicənin yarımçıq qalması isə sağ qalma göstəricilərinə birbaşa mənfi təsir edir. Dövlət proqramları gücləndirildiyi halda nəticə dərhal görünəcək minlərlə insanın həyat keyfiyyəti və sağ qalma şansı yüksələcək".

R.Mahmudov deyib ki, onkoloji xəstələrə ümid olmaq, onların uzun və ağır yolunda yanlarında olmaq başqa xəstəliklərdən fundamental şəkildə fərqlənir: "Bir insan üçün ana vətən, yurdu-obası nədirsə, bu xəstələr üçün də ilk ana vətən onun ailəsi, həkimi və aldığı dəstəkdir. Bu sahədə xüsusi yanaşma tələb olunur. Bütün problemlərin yalnız İcbari Tibbi Sığorta çərçivəsində həll olunacağına inanmaq real yanaşma deyil. Əksinə, bu, sistemdə dağınıqlığa və məsuliyyət bölgüsündə boşluqlara səbəb ola bilər".

Deputat qeyd edib ki, hazırda ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün potensialı yüksək, maddi-texniki bazası mövcud olan ixtisaslaşmış mərkəzlər var. Məhz bu mərkəzlərin effektiv işləməsini gücləndirmək əvəzinə, problemin həllini başqa strukturlarda axtarmaq əsas hədəfdən uzaqlaşdırır: "Bu, çox vacib vaxtımızı alır və və ən əsası, xəstənin yaşamaq haqqını riskə atır. İTS bu sahənin əvəzedicisi deyil və ola da bilməz. İTS-in rolu dövlət proqramını tamamlayaraq maliyyə imkanlarını genişləndirməkdir, onun yerini tutmaq deyil".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər