BDU-nun Hüquq fakültəsində Beynəlxalq Uşaq Hüquqları Günü münasibətilə uşaqlarla görüş keçirildi - FOTO


  • 08:54

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 20 noyabr 2025-ci il tarixində Beynəlxalq Uşaq Hüquqları Günü münasibətilə uşaqlarla görüş keçirilib.

E-huquq.az xəbər verir ki, Hüquq fakültəsinin dekanı Zaur Əliyev uşaqları salamlayıb, onları təbrik edib, Hüquq fakültəsinin Şərqi Avropanın ən qədim və ən böyük fakültələrindən biri olduğunu bildirib, hüquqşünas peşəsinin xüsusiyyətlərindən bəhs edib, tələbələrin uğurları haqqında məlumat verərək Prezident təqaüdçülərinin sayına görə fakültənin respublika birincisi olduğunu vurğulayıb.

Sonra uşaqlar fakültə ilə tanış olmuş, həmçinin auditoriyalara daxil olaraq dərsləri izləmişlər. Sonra Konstitusiya və Suverenlik İli çərçivəsində Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş “Hüquq və suverenlik uşaqların gözü ilə” adlı tədbir keçirilmişdir. Tədbirdə professor-müəllim heyəti və tələbələrlə yanaşı, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinin 125 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri də iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Aparıcılar – Hüquq fakültəsinin III kurs tələbələri Hökumə Məlikli və Nuray Məmmədli çıxış edərək iştirakçıları salamlamış və proqramı təqdim etmişlər. Açılış nitqi ilə çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev məktəblilərin fakültədə tələbələrlə birgə auditoriyada əyləşməsinin onların hüquq mühiti və elmi atmosferlə yaxından tanış olması baxımından önəmini qeyd etmişdir. O, uşaq hüquqları sahəsində əsas beynəlxalq sənədlər – 1959-cu il Uşaq Hüquqları Bəyannaməsi və 1989-cu il Uşaq Hüquqları Konvensiyası barədə danışaraq bu aktların uşaqların müdafiəsində oynadığı rolu vurğulamışdır.

Zaur Əliyev çıxışında dövlətin uşaq hüquqları sahəsində apardığı siyasətə də toxunmuşdur. Bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Konstitusiyası uşaq hüquqlarının qorunmasına xüsusi yer ayırmış, Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Qanun isə dövlətin uşaqlara göstərdiyi dəyərin bariz nümunəsidir.

Dekan, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə həyata keçirilən mühüm tarixi hadisələrdən danışmışdır. Fakültə dekanı bildirmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və I Qarabağ müharibəsinin ən uğurlu döyüş əməliyyatı sayılan Horadiz əməliyyatı, bunun nəticəsində bir sıra kəndlərin, o cümlədən qələbəmizin müjdəçisinə çevrilən Cocuq-Mərcanlının azad olunması ilə başlanan və bununla da Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş zəfər yürüşü Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla başa çatdırıldı. Vurğulanmışdır ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər nəticəsində Qarabağda yenidən uşaq səslərinin eşidilməsinin ən böyük xoşbəxtlikdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin xeyirxahlıq missiyasını uğurla davam etdirən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan dekan, Fond tərəfindən həyata keçirilən layihələrin uşaqların sosial müdafiəsinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulamışdır. Sonra 125 nömrəli tam orta məktəbin şagirdləri şeirlər səsləndirmiş, həmçinin uşaq hüquqları ilə bağlı fikirlərini söyləmişlər.

Tədbir çərçivəsində həmçinin Hüquq fakültəsinin dekanının təşəbbüsü ilə Hüquq fakültəsi tələbələrinin hazırladığı, Konstitusiya və Suverenlik İlinə həsr olunmuş “Əsas Qanunun işığında - Konstitusiya” adlı məktəbli kitabçasının təqdimatı keçirilmişdir. Tədbirin sonunda məktəblilərə sertifikatlar təqdim edilmişdir. Səmimi və interaktiv atmosfer məktəblilər və tələbələr tərəfindən böyük maraqla qarşılanmış və xoş təəssürat yaratmışdır.

Oxşar xəbərlər