- 10:05
İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi qadağan olunacaq.
E-huquq.az xəbər verir ki, bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub.
Sənədə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan ediləcək.
Layihədə qeyd edilib ki, son zamanlarda kütləvi nümayiş etdirilməklə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsi Azərbaycanda geniş müşahidə olunur.
Bu proses cəmiyyətə təsir edərək milli-mənəvi dəyərlərimizin deqradasiyasını sürətləndirir, xüsusilə yeniyetmə və gənclərə mənfi təsir göstərərək onların davranış modellərində dəyişiklik yaradır. Eyni zamanda, sosial şəbəkələrin istifadəçilərinin diqqətini daha çox cəlb edən paylaşımları önə çıxarmağa əsaslanan iş prinsipi bu cür qeyri-etik paylaşımları sürətlə daha geniş auditoriyaya çatdırır. Nəticədə, yaranan informasiya axını ictimai mənəviyyata ciddi zərər vurur.
Bildirilib ki, mövcud qanunvericilik yalnız müəyyən kateqoriya qadağan olunmuş məlumatlara görə məsuliyyət nəzərdə tutur. Mənəvi dəyərlərin qorunmasını təmin etmək, yeniyetmə və gənclərin zərərli informasiyadan müdafiəsini gücləndirmək, internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirmək və mövcud tənzimləməni təkmilləşdirmək üçün yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb.