"Hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür" - Deputat


  • 13:01

"Əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalmışdır, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bu gün keçirilən iclasında deyib.

O xatırladıb ki, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq "Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü" elan edib: "30 il bundan əvvəl Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına qoşuldu. Onun və Prezident İlham Əliyevin Sərəncamları ilə ölkəmizdə qadınlara münasibətdə zorakılığının qarşısının alınması sahəsində qanunvericilik bazası formalaşıb. Müvafiq normativ-hüquqi aktlar qəbul edilib, Fəaliyyət Planı və qaydalar təsdiqlənib. Respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qanunvericilik təşəbbüsləri bu istiqamətdə mühüm təkan olub. Xanım sədr, siz müxtəlif vaxtlarda beynəlxalq səviyyədə bu məsələləri səsləndirmisiniz. Eyni zamanda, aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti tərəfindən mühüm layihələr, tədbirlər həyata keçirilir".

Deputatın sözlərinə görə, nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də, hələ də belə hallar var: "Hələ də, zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var. Və bu bizim ailə dəyərlərimizə yuaraşmayan hallardır. Qeyd etmək lazımdır ki, zorakılıq yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də, biz daha çox maarifləndirmə işləri aparmalıyıq, daha çox çalışmalıyıq ki, qadın və qızlarımız zorakı davranışa məruz qalmasınlar".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər