Məzmuna keç

“Azəriqaz”dan limitlərin yenilənməsi ilə bağlı

"Mexaniki, yəni sonradan ödənişli qaz sayğaclarında limitlərinin yenilənməsi prosesi müəyyən səbəblərdən gecikə bilir"

E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası zamanı deyib.

"Hər il olduğu kimi bu il də smartkart tipli sayğacların limitlərinin yenilənməsi prosesi dekabrın 31-dən yanvarın 1-ə keçən gecə, yəni saat 00:01-dən etibarən həyata keçiriləcəyi bəyan edilib. Hazırda 1 milyona yaxın abonent smart-kart tipli sayğaclardan istifadə edir. 1 milyon 400 mindən çox abonent isə mexaniki, yəni sonradan ödənişli sayğaclardan istifadə edir. Sonradan ödənişli sayğaclarda limitlərinin yenilənməsi prosesi yanvarın 1-dən 6-7-ə qədər həyata keçirilir. Mexaniki sayğaclarda limitlərin yenilənməsi ilə bağlı konkret tarix demək mümkün olmur, çünki bəzi abonentlər bayram günlərində evdə olmurlar. Bu baxımdan sayğacların oxunması prosesində müəyyən çətinliklər yaranır. Lakin maneələr olmasa, yanvar ayının 6-7-dək proses başa çatmalıdır", – deyə o bildirib.

Şöbə rəisi xatırladıb ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib: "Qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Yəni, əvvəlki dövrdə siz 10 manat yükləyib 100 kub qaz alırdınızsa, artıq 12 qəpikdən hesablandığı üçün 83.3 kubmetr civarında qaz alacaqsınız. Xahiş edirik ki, vətəndaşlar buna diqqət yetirsinlər. Çünki bəzi vətəndaşların bunu bilməməsi müəyyən çaşqınlıqlara və yanlış anlaşılmalara səbəb olur".

Rəşid Qarayev