Məzmuna keç

“Narkomaniya insanlığın arzuolunmaz yoluxucu xəstəliyidir”

Bəşəriyyət üçün bəla olan narkomaniya irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir, eyni zamanda, fikrimcə, onu insanların düçar olduğu çıxılmaz bataqlıq adlandırsaq, yanılmarıq. Silah, insan alveri, bədən orqanlarının transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan, cəmiyyətdə “ağ ölüm” kimi tanınan, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Bir Azərbaycan vətəndaşı olaraq müstəqilliyimizin ilk illərində, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükə altında, Azərbaycanın ağır durumla üz-üzə qaldığı illərdə üzləşdiyimiz çətinliyi qeyd etməmək mümkün deyil. Azərbaycan müstəqil bir dövlət kimi varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin yaradılması ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Təbii ki, bu xatırlatmamız səbəbsiz deyil. Müstəqilliyimizin təhlükə altında qaldığı keçən əsrin 90-cı illərin əvvəllərində ölkədə olan özbaşınalıq, hakimiyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin isə gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı.

Dövlətimiz "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulmasına baxmayaraq, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz ulu Öndərin apardığı düzgün, çoxşaxəli siyasət nəticəsində, sağlam nəslin formalaşması istiqamətində diqqət yetirilən əsas məqam olan narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasət halını aldı.

Belə ki, dünyanın başı üstündə dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən o müdrik, dahi şəxsiyyətin 1996-cı il avqustun 26-da "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında" imzaladığı Fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Həmin fərman əsasında 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlanmış, həmin bəşəri bəlaya qarşı mübarizə məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 1998-ci ildə BMT-nin "Narkotik vasitələr haqqında" 1961-ci il və "Psixotrop maddələr haqqında" 1971-ci il konvensiyalarına da qoşulmuş, Milli Məclisin 18 iyun 1999-cu il tarixdə qəbul etdiyi Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, ölkəmizdə narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qadağan edilmişdir. Ulu Öndərin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir Milli Proqram qəbul edilmiş, bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir.

Qeyd olunmalıdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl, praqmatik siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə müvəffəqiyyətlə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin yüksək elmi təfəkkürünün, müdrikliyinin, uzaqgörənliyinin, yenilməz iradəsinin və gərgin fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdəti nəticəsində ildən ilə daha da qüdrətlənən dövlətimiz narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bu gün də uğurlu mübarizə aparır. Bu mübarizədə Azərbaycan Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007–2012-ci illər üçün Dövlət Proqramı”nın, 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsinin əvəzsiz rolu olub.

Xüsusilə vurğulanmalıdır ki, narkotizmlə və narkobizneslə mübarizə hər şeydən öncə ölkəmizin ərazi bütövlüyünün qorunması, onun suverenliyinin bərpası, cəmiyyətin sağlamlığının, dinclik və əmin-amanlığının mühafizəsi zərurətindən irəli gəlir. Çünki narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir.

Artıq tarixə gömülmüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərirdi. Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması, Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrinin Ermənistan hərbi birləşmələrinin əlində olması işğalçı dövlətin həmin əraziləri transmilli cinayət üçün nəzarətsiz zonaya çevirmələrinə, hər il orada min tonlarla narkotik maddə yetişdirib Avropa və Qara dəniz hövzəsi ölkələrinə ixrac etmələrinə və silah qaçaqmalçılığı ilə məşğul olmalarına geniş şərait yaradıldı ki, bizlər sözügedən silahları müzəffər ordumuzun uğurlu əks-hücum əməliyyatları zamanı əyani şəkildə görmüş olduq. Azərbaycanın erməni işğalçıları üzərində qəti qələbəsindən sonra bu kimi ciddi problemlərdə artıq aradan qalxmışdır.

Eyni zamanda, ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı tədbirlərin icrası məqsədilə hazırlanaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək lazımdır və həmin Proqramın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Narkomaniyaya qarşı mübarizə sahəsində yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsini, sağlam nəslin formalaşması siyasətinə xidmət edən mühüm addımlardan biri kimi misal göstərmək olar. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir.

Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır.

Sevindirici haldır ki, bugün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii olaraq müsbət nəticələrini göstərməkdədir.

Hesab edirəm ki, bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir.

Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.

Elşən Məmmədov

Nəsimi rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri