Zaur Qədirov "Caspian Energy Czechia"nın sədri təyin olundu


  • 25 Yanvar 2023 10:23

Zaur Qədirov "Caspian Energy Czechia"nın sədri vəzifəsinə təyin olunub.

E-huquq.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.

Telman Əliyevin sözlərinə görə, Zaur Qədirov Çexiya Respublikasının ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edəcək və eyni zamanda Klubun layihələrini idarə edəcək. Klubun planlaşdırdığı regional tədbirlər arasında beynəlxalq "Caspian Energy Forum Czechia", "Caspian Energy Award Czechia", "Brand Award Czechia" tədbirləri, o cümlədən Çexiyanın bütün regionlarında B2G və B2B forumları, CEO Breakfast və CEO Lunch, həmçinin Business Tour və Round Table kimi tədbirlərin təşkili var.

Zaur Qədirov "Caspian Energy Club"un rəhbərliyinə "Caspian Energy Czechia" ofisinin formalaşdırılması istiqamətində görülən işlərə görə təşəkkürünü bildirib. Z.Qədirovun sözlərinə görə Çexiyanın müxtəlif regionlarında yeni üzvləri cəlb edəcək komandanın formalaşdırılması istiqamətində işlərə artıq başlanılıb. Zaur Qədirov həmçinin yanvarın 31-də keçiriləcək CEO Lunch tədbirinə hazırlıq barədə məlumat verib. "Tədbirdə 40-a yaxın yerli şirkətin iştirakı gözlənilir. Bundan əlavə, biz bir sıra CEO Breakfast və CEO Lunch silsiləsini keçirməyə hazırlaşırıq", - deyən Zaur Qədirov 22 martda baş tutacaq "Caspian Energy Forum Prague - 2023" hazırlıq istiqamətində də genişmiqyaslı işlərin aparıldığını qeyd edib. "Caspian Energy Forum Prague - 2023"ün əsas mövzuları Çexiyanın iqtisadi inkişaf modeli (Turizm, loqistika, sənaye, daşınmaz əmlak, kənd təsərrüfatı sənayesi və azad iqtisadi zonalar), orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli dövlətlərin iqtisadi birliyi ilə əməkdaşlıq olacaq.

“Mənim üçün bu çox məsuliyyətli, eyni zamanda, şərəfli işdir”, - deyən Z.Qədirov Azərbaycan və Çexiya sahibkarları arasında netvorkingin genişləndirilməsi, ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

O, həmçinin həm Çexiyada fəaliyyət göstərmək niyyətində olan sahibkarlara, həm də Azərbaycan və Klubun nümayəndəliklərinin olduğu digər ölkələrin bazarına çıxmaq istəyən çex şirkətlərinə hər cür köməklik göstərməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, Zaur Qədirov 1992-ci il oktyabrın 13-də Bakı şəhərində anadan olub. 1999-cu ildə 175 saylı Həzi Aslanov adına orta məktəbdə təhsil almağa başlayıb. 2011-2014-cü illərdə Praqada Maliyyə və Menecment Universitetində Biznesin İdarə Edilməsi və Korporativ Maliyyə fakültəsində təhsil alıb. Bu universiteti bitirdikdən sonra o, Praqadakı York Universitetinə daxil olur və orada Art management üzrə magistr dərəcəsi alır. 2011-2012-ci illərdə Financial Chain Corporation-da HR administratoru vəzifəsində çalışıb. 2012-2014-cü illərdə Praqada "Financial Chain Corporation" sahə meneceri vəzifəsində çalışıb. 2014-cü ildən Praqada "Financial Chain Corporation" idarəedən partnyor kimi çalışır.

"Caspian Energy Club" dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Business-networking üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Oxşar xəbərlər