“İnsan hüquqlarına əsaslanan yanaşma” mövzusunda təlim keçirildi - FOTO


  • 27 Yanvar 2023 16:59

27 yanvar 2023-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunda BMT İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Demokratiya və İnsan Haqları üzrə baş müşaviri Nicolaj Sonderbye tərəfindən “İnsan hüquqlarına əsaslanan yanaşma” (Human Rights Based Approach) mövzusunda təlim keçirilib.

İnstitutdan e-huquq.az-a verilən məlumata görə, təlimdə Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları ilə yanaşı, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə adı çəkilən yanaşmanın konsepsiya və prinsipləri, insan hüquqlarının mahiyyəti, insan hüquqlarına dair əsas beynəlxalq sənədlər, BMT-nin insan hüquqları sahəsində əsas mexanizmləri, bu sahədə mövcud olan prosedurlar, universal dövri məruzələr, orada əks olunan tövsiyələr, insan hüquqları və inkişaf, o cümlədən 2030-cu ilədək dayanıqlı inkişaf məqsədləri və hədəfləri, gender bərabərliyi, qadın hüquqları və s. ilə bağlı məsələlər şərh edilib.

Bundan başqa, təlimçi insan hüquqlarına əsaslanan yanaşmanın dolğun surətdə reallaşmasına maneçilik törədən problemlərdən və onların həlli yollarından bəhs edib. Xüsusən də, ayrı-seçkiliyə yol verilməməsinin, gender bərabərliyinin təmin edilməsinin, şəffaflıq və hesabatlılığın artırılmasının zəruriliyi vurğulanıb. Sonda insan hüquqlarına dair problemlərin kompleks həllində insan hüquqlarına əsaslanan yanaşmanın rolu qeyd edilib.

Oxşar xəbərlər