Çində 71 yaşlı kişi illərdir xəbərsiz olduğu pensiya hüququndan yararlanmaq imkanı əldə edib
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Çande şəhərində yaşayan şəxs 30 ilə yaxın dövlət müəssisəsində çalışdıqdan sonra işdən çıxarılıb. Maddi çətinliklər səbəbindən 21 il küçələrdə metal və digər təkrar emal edilə bilən tullantılar toplayaraq dolanıb.
O, işdən çıxarıldıqdan sonra pensiya almaq üçün yenidən sığorta haqqı ödəməli olduğunu düşündüyündən müraciət etməyib. Lakin 2024-cü ildə sosial xidmət əməkdaşları ilə görüşündən sonra onun əmək fəaliyyəti araşdırılıb və pensiya hüququ olduğu müəyyən edilib.
Məlum olub ki, həmin şəxs 2015-ci ildə pensiya yaşına çatıb və tələb olunan sığorta stajını artıq tamamlayıb. Ona aylıq təxminən 3 700 yuan pensiya təyin edilib.
2026-cı ilin sentyabrında sosial sığorta kartındakı vəsaitin 424 min 204 yuana çatdığı məlum olub. İllərdir bu hüquqdan xəbərsiz yaşayan yaşlı kişi topladığı məbləği öyrənərkən göz yaşlarını saxlaya bilməyib.



Şəbnəm Mehdizadə
