“Meta” şirkəti Kanadada müzakirə olunan C-22 qanun layihəsi dəyişiklik edilmədən qəbul olunarsa, şifrələnmiş xidmətlərini ölkədən geri çəkməyi nəzərdən keçirəcəyini açıqlayıb.
E-huquq.az-ın məlumatına görə, şirkət hesab edir ki, qanun texnologiya şirkətlərini məhkəmə qərarı əsasında hüquq-mühafizə orqanlarına məlumat əldə etmək imkanı verən sistemlər qurmağa məcbur etməklə istifadəçilərin məxfilik və təhlükəsizliyini riskə atır.
“Meta”nın nümayəndələri Senatda bildiriblər ki, qanun layihəsi qüvvəyə minərsə, şirkət Kanadadakı fəaliyyətini davam etdirmək üçün bütün variantları nəzərdən keçirməli olacaq.
Qeyd edək ki, qanun layihəsi texnologiya şirkətlərinə müşahidə imkanları yaratmaq öhdəliyi də qoyur. Hökumət bunu cinayətlərin araşdırılması və milli təhlükəsizliyin təmin edilməsi üçün zəruri sayır.
Bununla belə, qanun layihəsi “Meta” ilə yanaşı, “Signal” və “Apple” şirkətlərinin də etirazına səbəb olub. Onlar təklif olunan tənzimləmələrin istifadəçi məlumatlarını haker hücumlarına və digər təhlükələrə qarşı daha həssas edə biləcəyi barədə xəbərdarlıq edirlər.
Şəbnəm Mehdizadə
