Məzmuna keç

12 milyonluq mənimsəmə ittihamı: Vəkil İsmayıl Kəngərli sənədlərdəki ciddi ziddiyyətləri açıqladı

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli bir sıra vəsatətlərlə çıxış edib.

Vəkil ittihamın əsaslandığı maliyyə sənədlərində ciddi ziddiyyətlərin olduğunu bildirib.

O, ittihamın əsaslandığı 2016-2018-ci illərə aid bank çıxarışlarının, kassa kitablarının və ilkin mühasibat sənədlərinin cinayət işində olmadığını diqqətə çatdırıb.

Vəkilin sözlərinə görə, İlqar Mustafayev 12.350.942,66 manat mənimsəməkdə ittiham olunur. Bu məbləğin 8.271.900,50 manatı 2016–2018-ci illərə aid edilsə də, həmin dövr üzrə rəsmi bank çıxarışları və ilkin mühasibat sənədləri təqdim edilməyib. İttihamın əsaslandığı “ikili uçot” sənədləri isə imzasız surətlərdən ibarətdir.

İ.Kəngərli bildirib ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 10 iyun 2025-ci il tarixli rəyində gəlirin faktiki məbləğini müəyyən etməyin mümkün olmadığı qənaətinə gəlib. Buna baxmayaraq, cəmi üç gün sonra eyni dövrü əhatə edən təkrar mütəxəssis rəyi hazırlanıb. Halbuki həmin yoxlama zamanı mütəxəssisə cəmi altı vərəq və bir CD disk təqdim edilib.

Vəkil ekspert və mütəxəssis rəylərindəki rəqəm ziddiyyətlərinə də diqqət çəkib. Belə ki, 2016–2018-ci illər üzrə rəsmi daxilolmalar bir cədvəldə 1.264.232,34 manat, digər hissədə isə 475.350 manat göstərilib. Aradakı 788.882,34 manat fərqin səbəbi açıqlanmayıb.

Bundan başqa, İ.Kəngərli bildirib ki, istintaq orqanının mütəxəssisi Bulvar İdarəsindən 2016–2023-cü illərə aid bank çıxarışlarını təhvil alsa da, həmin sənədlər cinayət işinin materiallarına əlavə edilməyib.

Müdafiə tərəfi həmçinin “ikili uçot” sənədlərinin əsillərinin harada olduğunu, bank çıxarışlarının niyə işə daxil edilmədiyini və sənədlərdə adı çəkilən rəis müavini Elşən İsgəndərovun niyə dindirilmədiyini sual edib.

Məhkəmənin növbəti iclası noyabrın 25-də keçiriləcək.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digər şəxslərlə birlikdə 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə, 1,8 milyon manatdan artıq vergini ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş vəsaitləri leqallaşdırmaqda ittiham olunur.

Şəbnəm Mehdizadə