Məzmuna keç

Rusiyada azərbaycanlı iş adamı həbs edildi

Rusiyanın Krasnoyarsk şəhərində fəaliyyət göstərən iş adamı Rabil Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Babr24.com saytı məlumat yayıb.

Saytın məlumatına görə, Dəmir Yolu Rayon Məhkəməsi sahibkarı dövlətə məxsus torpaq sahəsi ilə bağlı qanunsuz əməliyyatlarda təqsirli bilib. Belə ki, 2015-ci ildə Rabil Həsənov nəzarətində olan “Sibirski resurs” şirkəti vasitəsilə Podzolkova küçəsi ərazisində yerləşən, sahəsi 57,6 min kvadratmetr olan boş torpaq sahəsini şəhər administrasiyasından icarəyə götürüb.

Müqaviləyə əsasən, ərazidə istirahət parkının yaradılması nəzərdə tutulsa da, sahibkar yalnız hasar çəkilməsi, asfalt yolların salınması və kiçik bir köşkün tikilməsi ilə kifayətlənib. Bu faktlar peyk görüntüləri ilə də təsdiqlənib. Buna baxmayaraq, o, köşkün yerləşdiyi ərazini idman qurğuları parkı kimi daşınmaz əmlak reyestrində qeydiyyata aldırıb. 2018-ci ildə isə şəhər administrasiyasından torpaq sahəsinin güzəştli qiymətlə satışını tələb edib.

Şirkət həmin ərazini kadastr dəyəri 70 milyon rubl olduğu halda, cəmi 10,6 milyon rubla satın alıb. Nəticədə şəhər büdcəsinə təxminən 60 milyon rubl ziyan dəyib.

2022-ci ildə R.Həsənov “Sibirski resurs” şirkətini torpaq sahəsinə mülkiyyət hüququ ilə birlikdə “Arban” tikinti şirkətinə 1,16 milyard rubla satıb. Hazırda həmin ərazidə “Çiji” yaşayış kompleksi inşa edilir.

Prokurorluqdan bildirilib ki, tikinti şirkətinə qarşı hər hansı iddia yoxdur və çıxarılan məhkəmə hökmü yaşayış binalarının inşasına mane olmayacaq.

R.Həsənov tikinti biznesi ilə yanaşı, Şimal şosesi, 31q ünvanında yerləşən, tərəvəz və meyvələrin topdansatışı ilə məşğul olan iri “AXV” şirkətinin də sahibidir.

O, həmçinin qardaşı Rəşad Həsənovla birlikdə “Solneçnıy” şirkətini təsis edib. Şirkət 2023-cü ildə Startsevo qəsəbəsi yaxınlığında istixana kompleksinin tikintisinə 12 milyard rubl investisiya yatıracağını vəd etsə də, layihə üzrə tikinti işlərinə başlanılmayıb.

Rəşad Həsənov isə “Krastexstroy” şirkəti vasitəsilə Krasnoyarsk yaxınlığında Rusiyanın ən böyük şirə zavodunu tikməyi planlaşdırır. Lakin layihənin istifadəyə verilməsi dəfələrlə təxirə salınıb.

Mənbə: Babr24.com