Məzmuna keç

Məhkəmə sənədlərinə görə rüsumların artırılması nəyi dəyişəcək? –

Xəbər verdiyimiz kimi Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumunun tutulduğu hallar və dövlət rüsumlarının dərəcələri dəyişir.

E-huquq.az yeni qanun layihəsi ilə bağlı vəkillərin münasibətini öyrənib.

Əkrəm Həsənov: “Aydın məsələdir ki, bu artım kasıb təbəqə üçün ciddi problem yaradacaq. Onlar onsuz da məhkəmə proseslərində yetəri qədər çətinlik çəkir. Məhkəmələrimizdə olan vəziyyəti bilirik. Korrupsiya mövcuddur. Xeyli işlər var ki, orada qanunsuz qərarlar qəbul edilir. Korrupsiya dedikdə sadəcə rüşvəti nəzərdə tutmuram, zəng, tapşırıq da buna daxildir. Belə olduğu halda biz bilirik ki, vətəndaş məhkəməni udan zaman qarşı tərəf ona ödənilən dövlət rüsmunu qaytarmalıdır. Haqq, ədalət olsaydı, məhkəmələrimizdə bu problem olmazdı. Vətəndaş düşünərdi ki, qoy olsun dövlət rüsumu, onsuz da mən haqlıyam. Almaniya, İngiltərə, Birləşmiş Ştatlar, BƏƏ, Sinqapurda və s. ölkələrdəki məhkəmə sistemi kimi olsaydı, vətəndaş fikirləşərdi ki, məhkəməni udsam, ödədiyim rüsumu qarşı tərəf mənə qaytaracaq, rüsumun məbləğinin fərqi yoxdur. Bir məqam da var ki, vətəndaş əgər məhkəmədə qalib gəlirsə, qarşı tərəfdən həm də vəkilə çəkilən xərci tələb edə bilər. Amma bizim məhkəmələr ya onu təmin etmirlər, ya da onun bir hissəsini təmin edirlər. Tutaq ki, iddiaçı prosesdə qalib gəldikdən sonra ödədiyi məbləğin geri qaytarılıb-qaytarılmaması barədə məlumat alanda vəkil iddiada onu göstərəcəyini bildirir. Lakin məhkəmənin nə qərar qəbul edəcəyini bilmir. Bir çox hallarda məhkəmə bunu təmin edərkən də məbləği azaldırlar. Bu da vətəndaşların məhkəməyə müraciət etmək istəyini azaldır. Əslində, layihə müəlliflərinin bununla nə demək istədiyini başa düşürəm. Həqiqətən də bəzi hallar var ki, əsassız, yersiz iddialar qaldırılır. Sadəcə süründürməçilik, vaxtı uzatmaq üçün məhkəməyə verirlər. Dövlət rüsumunun artırılması belə halların qarşısını almağa xidmət edir. İnkişaf etmiş ölkələrdə bu var. Amma orda qanun qanundur. Mən bu halın o zaman lehinə olardım ki, bizdə də məhkəməmiz məhkəmə olardı. Bu dəyişikliyi vaxtından əvvəl qəbul edilmiş hesab edirəm. Əvvəlcə məhkəmə-hüquq islahatlarını axıra çatdırmalıyıq. Məhkəmələrimizdə qismən də olsa, ədaləti bərpa etməliyik. Daha sonra rüsumu artırmaq olar”.

Ceyhun Yusifov: “Yeni qanun layihəsi lüzumsuz iş yükünün azaldılması məqsədi daşıyır. Əslində, bu, vətəndaşların məhkəməyə əlçatanlığını çətinləşdirir. Məhkəmənin iş yükünü azaltmaq istəyirlərsə, formal verilmiş proseslərin sayını azaltmaqla buna nail olmaq olar. Adicə əmr icrası və ya sıravi iddialarda insanlar öz hüquqlarının müdafiəsində çətinliyə düşürlər. Dövlət rüsumu, mediatora ödənilən pul, vəkilə ödənilən vəsait vətəndaşın yükünü kifayət qədər artırır. Hesab edirəm ki, dövlət rüsumlarının artırılması yanlışdır. Dövlət rüsumu formal xarakter daşıyır. Lakin burada formal xarakter daşımır. Bu da vətəndaşın məhkəməyə müraciətini hər bir halda çətinləşdirir. Məhkəmənin iş yükünün azaldılmasının müxtəlif yolları var. Hakimlərin sayı artırıla, “Elektron məhkəmə” informasiya sisteminin imkanları gücləndirilə bilər”.

Paşa Səfərov: “İyul ayının 1-dən mediasiya institutu fəaliyyətə başlayacaq. Bu institutun fəaliyyətə başlanmasında məqsəd məhkəməyə qədər mübahisənin həllində iştirakçı olmaqdır. Eyni zamanda həmin mediasiya institutuna müraciət edən şəxslərin rüsum ödəməsi nəzərdə tutulur. Məsələn, şəxs nikahın pozulması üçün məhkəməyə müraciət edib 20 manat dövlət rüsumu ödəyirdisə, artıq iyul ayının 1-dən sonra məhkəməyə müraciət üçün mediasiya institutundan keçməlidir. Buna görə də o müəyyənləşdirilmiş məbləğdə dövlət rüsumu ödəməlidir. Ümumi olaraq, dövlət rüsumunun artırılması şəxsin məhkəməyə müraciət etmək hüququnun qarışısını almır. Hətta dövlət rüsumu 10 dəfə artsa belə, şəxsin məhkəməyə müraciət etməsinə hər hansı mənfi təsir göstərməyəcək. Dünya praktikasında elə rüsumlar var ki, istənilən məbləğin müəyyən faizi depozitə yatırılır. Amma pulu ala bilmir. Çünki şəxs dövlət rüsumunun ödəyə bilməməsi ilə bağlı məhkəməyə müraciət edə bilər”.

Fariz Namazlı: “Yeni təklifi yaxşı qiymətləndirmirəm. Çünki ölkədə insanların maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addım atılmır, lakin əvəzində məhkəməyə verilən iddia ərizələri üzrə rüsumları qaldırırlar. Bu insanların maddi həyat səviyyələrinin aşağı düşməsinə səbəb olacaq və onların məhkəməyə müraciət etmək hüququnun qarşısını alacaq. Qanun layihəsindəki bəzi iddia tələblərində məbləğlər həddindən artıq qaldırılıb. Əvvəllər 10 manatlıq iddia qaldırılırdısa, indi 100 manat rüsum ödəniləcək. Bu da vətəndaşlara mənfi təsir edir. Burada ciddi əsaslandırma olmalıdır ki, bu zərurət nədən ortaya çıxıb, rüsumlar nəyə görə bu qədər qaldırılıb? Eyni zamanda bildirilib ki, hətta Avropa Məhkəməsi belə yüksək məbləğdə rüsumların olması əsasını insanların məhkəməyə müraciət hüququnun pozuntusu kimi qiymətləndirir. Məsələn, mülki işlərdə rüsum qaldırılır, lakin həmin rüsumdan insanların azad olması və ya dövlət hesabına vəkillə təmin olunması nəzərdə tutulmur. Vətəndaş həm rüsum ödəməlidir, həm vəkil tutmalıdır. Bu da onu daha çox ziyana salır. Burada rüsumdan azad olma kimi istisna hallar göstərilməlidir. Düzdür, müəyyən statusa malik şəxslər var ki, onlar rüsumdan azaddırlar. Lakin şəxs əgər rəsmi qaydada işləmirsə, o bu rüsumu ödəməlidir. Bütün bunlar nəzərə alınmalıdır. Üstəlik, məbləğlərin bu qədər yüksək olmasının əleyhinəyəm”.

Bəxtiyar Hacıyev: “Dövlət rüsumlarının artırılmasını o zaman əsaslandırmaq olardı ki, minimum əmək haqqı da 100 faiz artsaydı. Hesab edirəm ki, belə olduqda rüsumların qalxmasına ehtiyyac yaranardı. Məhkəmə rüsumlarının artması məhkəmələrin vətəndaşlar üçün əlçatanlığını, müraciət imkanlarını məhdudlaşdıra bilər. Bu da öz növbəsində vətəndaşların, cəmiyyətin mənafeyinə ziddir. Rüsumlar artırılarkən mütləq qaydada əhalinin yaşayış səviyyəsi, xüsusən də az təminatlı ailələrin yaşayış səviyyəsi nəzərə alınmalıdır. Rüsumların artrılması zamanı bir sıra amillər nəzərə alınmalıdır. Məsələn, Apelyasiya Məhkəməsi və Ali Məhkəməyə müraciət etmək üçün rüsum 50 faizdirsə, burada bunu tamamlayıb birinci instansiya məhkəmə rüsumuna uyğunlaşdırmaq olar. Yaxud da əgər hansısa notariat rüsumunun gələcəkdə artırılmasından söhbət gedəcəksə, bu insanların yaşayış səviyyəsinə uyğunlaşdırılmalıdır. Lakin istənilən halda məhkəmə rüsumunun 5-10 dəfə artrılması hesab edirəm ki, düzgün deyil. Məhkəməyə müraciət edən şəxslər barəsində bir statistika müəyyən edilməlidir. Rüsumun əsaslandırılmış formada artırılmasının tərəfdarıyam. Məsələn, şirkətlər arasında olan kommersiya mübahisələrinə görə rüsumlarımız çox aşağıdır. Bunu 5 dəfə artırmaq olar. Burada işin həcmi məsələsi də var. Elə iş həcmi var ki, məsələn, Ali Məhkəmə iclasında proses yekunlaşır, amma kommersiya mübahisəli məsələlər hətta elə olur ki, illərlə davam edir, inzibati sorğu verirlər. Məhkəmələrə səlahiyyət verilib ki, müəyyən məsələləri araşdırmaq üçün ayrı-ayrı qurumlara özü sorğu versin. Ona görə də hesab edirəm ki, burada məhkəmə xərcləri, dövlət tərəfindən məktubların göndərilmə xərcləri, işin xərci, yəni icraat xərclərinin artırılması ilə bağlı rüsumların qismən artırılması ilə razılaşmaq olar. Amma elə işlər var ki, məsələn, inzibati işlər, hansılar ki, onlarda rüsum ümumiyyətlə yoxdur, yeri gəldikdə insanlar bundan sui-istifadə də edirlər. Əgər məhkəməyə müraciət etmək hüququ qanunvericiliklə təsbit olunubsa, bunun üçün şərait də olmalıdır”.

Vüqar Babayev: “Düşünürəm ki, bu o qədər də yaxşı təklif deyil. Rüsumların artırılması hansısa əsassız məhkəmə iddialarının qarşısının alınmasına səbəb ola bilər. Amma bir çox hallarda da məhkəmə əlçatanlığı azaldacaq. Hesab edirəm ki, rüsum dərəcələri qaldırılmasa, daha yaxşı olar”.

Roman Qaraşov: “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilirdi ki, dövlət rüsumları ilə bağlı məsələyə yenidən baxılsın. Bəzən əsassız iddialar qaldırılır və məhkəmənin iş yükü artırılır. Bəzi hallarda isə iddialarda şişirdilmiş qiymətlər göstərilir. Lakin məhkəmə araşdırması zamanı məlum olur ki, o iddialar əhəmiyyətsizdir, sadəcə qarşı tərəfi məşğul etmək məqsədi ilə verilib. Yeni qanun layihəsindən sonra məhkəmələrə müraciətlərlə bağlı hər hansı bir məhdudlaşdırma olacağını düşünmürəm. Qanun layihəsində dövlət rüsumlarının arıtırılması yalnız yüksək məbləğlərə aiddir. Aşağı məbləğlərdə elə də ciddi fərqlər yoxdur. Həmin vəsait dövlət büdcəsinə ödənilir. Ödənilən rüsum məhkəmənin hesabına keçmir. Hesab edirəm ki, dövlət rüsumunun bu məbləğlərdə müəyyənləşdirilməsi hər hansı məhdudiyyətə gətirib çıxarmayacaq. Əksinə, əsassız iddiaların verilməsinin qarşısı alınmış olar. Çünki 20 manat rüsumla həm 100 manatlıq, həm də 1 milyonluq və ya daha böyük iddialar qaldırılır. Rəqəmlərə yenidən baxıla bilər, amma rüsumların ödənişlərində fərqlər mütləq olmalıdır. Çünki durmadan məhkəmələrin iş yükü artır. Qaldırılan iddiaların da hamısının əsaslı olduğunu deyə bilmərik. Məhkəməyə müraciətlə bağlı rüsumlar hər hansı əngəl törədə bilməz. Məsələn, 100-200 manat məbləğində dövlət rüsumunun ödənilməsi hansısa 50-100 minlik iddia üçün elə də böyük rəqəmlər deyil. Vətəndaş əgər haqlıdırsa, məhkəməyə müraciət etmək üçün ödənilən rüsumları iddia ərizəsində də göstərə bilər və yaxud iddia ərizəsinə sonradan əlavə edib qarşı tərəfdən məbləğin tutulmasını tələb edə bilər. Bu, cavabdehin daha çox məsuliyyət daşımasını və ona qarşı qaldırılan iddianın özünün həcminin artdığını təsdiq edəcək. Vətəndaş məhkəməyə müraciət edərkən rüsumları öz hesabına ödəsə də, onu qarşı tərəfdən tələb edə bilər”.

Sevgül Qasımzadə