"Məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar".
E-huquq.az xəbər verir ki, bu barədə vahid məhkəmə təcrübəsinin təmin edilməsi məqsədilə qəbul edilən "Məhkəmə hökmü haqqında" Ali Məhkəmə Plenumunun qərarında qeyd olunub..
Qərarda deyilir:
"Konkret olaraq, əlavə şahidin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin rədd edilməsinə dair şikayətlərlə əlaqədar olaraq, Avropa Məhkəməsi “Murtazaliyeva Rusiyaya qarşı” [BP] (Murtazaliyeva v. Russia [GC], № 36658/05, 18 dekabr 2018-ci il, § 158) işi üzrə qəbul etdiyi qərarında müvafiq qaydanı müəyyən etmişdir. Həmin qaydaya görə, bu növdən şikayətlərə baxarkən, aşağıda göstərilən üçpilləli testlə müəyyən edilən məsələlər mütləq araşdırılmalıdır:
1) müdafiə tərəfinin əlavə şahidin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olub-olmaması;
2) işə mahiyyəti üzrə baxan məhkəmənin dindirilməsi təklif olunan əlavə şahidin verə biləcək ifadənin işin mahiyyətinə aid olub-olmamasını araşdırıb, vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırması;
3) əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın məhkəmə prosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstərib-göstərməməsi.
Birinci suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, vəsatətdə əlavə şahidin verəcəyi ifadənin obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəmə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə, onun bəraət almasına və s. bu kimi məsələlərə necə və nə dərəcədə təsir edə biləcəyi haqda məlumat öz əksini tapmalıdır.
İkinci suala cavab verərkən ilk növbədə nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi müdafiə tərəfinin təklif etdiyi hər bir əlavə şahidin dindirilməsini tələb etmir, onun məqsədi tərəflərin bərabərliyinin təmin edilməsidir. Buna görə, müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Vəsatətlə bağlı qəbul edilmiş hər bir qərarda vəsatətin məzmununun işin halları ilə müqayisədə qiymətləndirilməsi öz əksini tapmalı, qiymətləndirmənin həddi və dərəcəsi vəsatətdə göstərilən əsaslara mütənasib olmalıdır. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməlidir.
Üçüncü suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, əlavə şahidin dindirilməsinə dair vəsatətin rədd edilməsi haqqında məhkəmə qərarına qiymət verilərkən, hər bir işdə mütləq qaydada belə qərarın ədalətli yekun məhkəmə qərarının qəbul edilməsinə təsiri nəzərdən keçirilməlidir. Bu məqsədlə təqsirləndirilən şəxsin vəkillə təmsil edilib-edilməməsi, müdafiəsini səmərəli şəkildə qurmağa, əleyhinə ifadə vermiş şahidlərin dindirilməsində və əleyhinə istifadə edilən sübutların qiymətləndirməsində iştirak etməyə, əleyhinə ifadə vermiş şahidlərə suallar verməyə, öz xeyrinə sübut və baş vermiş hadisələr haqqında öz fərziyyəsini bildirməyə imkanlarının olub-olmaması, təqsirin digər, o cümlədən ittiham tərəfinin şahidlərinin yetərli ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əməliyyat-axtarış materialları və s. sübutlarla təsdiq edilib-edilməməsi nəzərə alınmalıdır".
