Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Murad Nağızadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Daha sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə 3 il sınaq müddəti tətbiq edilməklə cəzanın şərti hesab edilməsi barədə qərar çıxarılmasını istəyib.
Daha sonra vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, Murad Nağızadə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə sınaq müddəti verilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Nağızadə Murad Faiq oğlu aralarında baş vermiş mübahisə zamanı qardaşı, 2003-cü il təvəllüdlü Nağızadə Fuad Faiq oğlunu bıçaqlayıb. Murad Nağızadə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs Murad Nağızadə Vətən müharibəsi iştirakçısı olub. O, "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Orxan Rasifoğlu
