- 22:49
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Babar Bəluç Əfqanıstanda 1000-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra humanitar yardım imkanlarının tükəndiyini bildirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, BMT rəsmisi təcili dəstək üçün bütün dünyaya müraciət edib.
Bəluç bəyan edib ki, BMT QAK Əfqanıstanda avqustun 31-də baş vermiş zəlzələdən sonra zərər çəkmiş icmalara kömək etmək üçün öz resurslarını səfərbər edib. O, bəzi kəndlərin tamamilə dağıldığını, ölkənin şərq hissəsinin ən çox zərər çəkdiyi ərazi olduğunu qeyd edib.
"Sağ qalanlar gecəni çöldə yataraq keçiriblər. Zərər çəkmiş ərazilər ucqar bölgədir. Yollar bağlanıb və dağılıb. Çox sayda insanın dağıntılar altında qalma ehtimalı var. Ölənlərin sayının yaxın günlərdə artacağı gözlənilir", - deyə Bəluç deyib.
Bəluç Əfqanıstan xalqına kömək etmək və gələcək faciələrin qarşısını almaq üçün təcili humanitar yardıma ehtiyac olduğunu vurğulayaraq, ehtiyatların tükəndiyini qeyd edib.
Şəbnəm Mehdizadə