- 22:49
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin ümumi müdafiə xərcləri 2024-cü ildə 2023-cü illə müqayisədə 19% artaraq 343 milyard avroya çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyinin Aİ-yə üzv ölkələrin müdafiə xərclərinin təfərrüatlı qiymətləndirilməsini əks etdirən “2024-2025 Müdafiə Məlumatları” adlı hesabatıda bildirilib.
Hesabatda qeyd olunur ki, ötən il həyata keçirilən ümumi müdafiə xərcləri Aİ ölkələrinin ümumi daxili məhsulunun (ÜDM) 1,9%-nə yüksəlib. Bu artım rekord səviyyədə avadanlıq alınması, eləcə də tədqiqat və inkişafa qoyulan sərmayələrin artması ilə əlaqədardır.
Hesabatda həmçinin vurğulanır ki, 2024-cü ildə müdafiə yatırımları ilk dəfə olaraq 106 milyard avronu keçib və bu, ümumi xərclərin 31%-ni təşkil edib.
Bu göstərici məlumatların toplanmağa başlandığı dövrdən bəri qeydə alınan ən yüksək nisbətdir.
Hesabatda qeyd olunur ki, artım tendensiyası 2025-ci ildə də davam edir və bu il müdafiə sərmayə xərclərinin 130 milyard avroya yaxınlaşacağı proqnozlaşdırılır.
Bu il Aİ ölkələrinin ümumi müdafiə xərclərinin 381 milyard avroya çataraq rekord səviyyəyə yüksələcəyi və ÜDM-in 2,1%-nə bərabər olacağı bildirilir.
Hesabatda üzv dövlətlərin dəyişən təhlükəsizlik mühitinə cavab olaraq öz hərbi potensialını inkişaf etdirməyə diqqət ayırdığı, müdafiə və çəkindirmə üçün lazımi hərbi potensiala malik Aİ üzv dövlətlərinin silahlı qüvvələrini gücləndirmək üçün xərclərini artırdığı qeyd edilib.
Humay Eminqızı