- 17:22
“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına təqdim olunub.
E-huquq.az xəbər verir ki, layihə hər dəfə olduğu kimi, bu dəfə də hüquq ictimaiyyəti üçün maraqlı mövzulara həsr olunub.
Budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun müdiri, tanınmış vəkil Elvin Səlimov olub. O, uzun illərdir hüquq sahəsində fəaliyyəti ilə tanınır və həm peşəkarlığı, həm də hüquqi biliklərin cəmiyyətə çatdırılmasında göstərdiyi təşəbbüsləri ilə fərqlənir.
Layihənin əsas xüsusiyyətlərindən biri onun qısa, dinamik və maarifləndirici formatıdır. Veriliş boyu qonağa hüquq sahəsi ilə bağlı aktual məsələlərdən şəxsi düşüncələrə qədər müxtəlif mövzuları əhatə edən 7 əsas sual ünvanlanır. Hər cavab üçün müəyyən edilən 1 dəqiqəlik vaxt limiti mövzuların yığcam, aydın və izləyicilər üçün rahat izlənilə biləcək şəkildə təqdim olunmasına şərait yaradır.
Buraxılışda Elvin Səlimov hüquqi fəaliyyətində rastlaşdığı maraqlı və yaddaqalan hadisələrdən söz açıb, vəkil peşəsinin cəmiyyət qarşısında daşıdığı məsuliyyət və qarşıya çıxan çətinliklərdən bəhs edib. O, vəkilliyin yalnız hüquqi biliklər deyil, həm də etik prinsiplərə sadiqlik və yüksək peşəkar məsuliyyət tələb etdiyini vurğulayıb.
Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi sadəcə olaraq peşəkar hüquqşünasların təcrübəsini izləyicilərə çatdırmaqla kifayətlənmir. Layihənin əsas məqsədi hüquqi maarifləndirmə işini genişləndirmək, gənc nəsildə hüquqa marağı artırmaq və cəmiyyətdə hüquqi mədəniyyətin inkişafına töhfə verməkdir.