Ödənilməyən borca görə zamin hansı məsuliyyəti daşıyır?


  • 3 İyun 2020 12:28

Qonşunuz və ya dostunuz bankdan kredit götürmək üçün sizdən zamin durmağınızı istəyə bilər. Bəs bilirsinizmi, zamin olduğunuz şəxs borcunu ödəmədiyi təqdirdə sizi nə gözləyir?

Zaminlik öhdəliyin icrasının təmin edilməsinin bir üsuludur. Yəni, zamin bank (kreditor) qarşısında öz üzərinə öhdəlik götürür ki, zamin durduğu şəxs kredit borcunu ödəmədiyi halda onunla bərabər öz əmlakı ilə məsuliyyət daşıyır.

Tutalım ki, siz tanıdığınız bir şəxsə bankda zamin durdunuz. Bir müddət sonra həmin şəxs kredit öhdəliyini icra etməkdən boyun qaçırdı. Bu halda nə baş verəcək?

İlkin olaraq, bankın əməkdaşları kredit götürən şəxslə yanaşı, sizə də zəng edib borcun ödənilməsini tələb edəcək.

Bundan sonra, kredit götürən şəxs və ya onun yerinə siz müqavilə üzrə məbləği ödəməməyə davam etdikdə bank borcun hər ikinizdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edəcək.

Bağladığınız zaminlik müqaviləsinin növündən aslı olaraq məhkəmə öz qərarında yaranmış borcun sizdən hansı qaydada tutulmasını müəyyən edəcək.

Misal olaraq, zamin durduğunuz şəxsin borcu 10000 manatdır.

Bu halda əgər bağladığınız zaminlik müqaviləsi üzrə subsidiar məsuliyyət nəzərdə tutulubsa, məhkəmə tərəfindən sizin üzərinizə yaranmış borcun yarısını, yəni 5000 manatı ödəmək öhdəliyi qoyulacaq.

Yox, əgər siz zaminlik müqaviləsinə əsasən müştərək qaydada məsuliyyət daşıyırsınızsa, onda zamin durduğunuz şəxslə yanaşı, sizdən də 10000 manatın hamısı tələb ediləcək.

Müqavilə üzrə banka olan borcun sizdən tutulması haqqında məhkəmə qərarı çıxdıqdan sonra belə zamin durduğunuz şəxs və ya siz yaranmış borcu yenidən ödəməsəniz, məhkəmə həmin pulun sizdən tutulmasını icra orqanına tapşıracaq (Ədliyyə Nazirliyinin tərkibində olan yerli icra və probasiya qurumlarına).

Yekunda borcun sizdən tutulması haqqında məhkəmədən müvafiq tapşırıq (icra sənədini) alan icra məmuru qeyd olunan borcun sizdən alınması üçün sizin əmlakınıza (ev, avtomobil, qızıl və s.) həbs qoydura, hər hansı bir bankda olan pul vasitələrinizi müsadirə edə və (və ya) borcu sizin əmək haqqınızdan tuta bilər (“İcra haqqında” qanuna əsasən, tutmaların məbləği əmək haqqının 50 faizinə qədər ola bilər).

Qulam İsmayılzadə

Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər