"Məhkəmə zalında asayişə polis yox, icra məmuru nəzarət edir"


  • 17 Avqust 2021 12:54

Vəkil Coşqun İsgəndərovun polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlaması özü-özlüyündə polis əməkdaşları tərəfindən qanun pozuntusuna yol verməsini təsdiq edir.

Diqqətinizə çatdırım ki, DİN rəsmisi tərəfindən verilən məlumata əsasən:

“Qabil Ələsgərovun hüquqlarını müdafiə edən vəkil Coşqun İsgəndərov Şirvan Apellyasiya Məhkəməsində keçirilən başqa bir proses zamanı zala mülki geyimdə daxil olaraq məhkəmədə polis əməkdaşlarına kinayəli suallar ünvanlamaqla, asayiş keşikçilərini təxribata çəkməyə cəhd göstərib. Polis əməkdaşları isə məhkəmə prosesinə mane olan şəxsə iradlarını bildirərək, onu intizama dəvət ediblər. Polis əməkdaşları məhkəmə zalında keçirilən prosesin Qabil Ələsgərovun məhkəməsi olmadığı və ona məhkəmənin gedişatına mane yaratmamaq üçün zalı tərk etməsini bildirən zaman isə vəkil Coşqun İsgəndərov orada mübahisə yaradıb. Daha sonra isə həmin şəxs polis əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılması təmin edilib.

Elə qeyd olunan məlumatdan göründüyü kimi, polis əməkdaşları öz vəzifə səlahətlərini aşaraq qeyd olunan hadisədə icra məmurunun (məhkəmə nəzarətçisinin) funksiyalarını həyata keçirmişdirlər.

Bununla bağlı DİN rəsmisinin diqqətinə çatdırmaq istəyirəm ki, “İcra Məmurları Haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində qeyd edilmişdir ki, icra xidmətinin icra məmuru məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir:

iş vaxtı məhkəmə binalarının, müşavirə otaqlarının və məhkəmə iclas zalının mühafizəsini təmin edir;

məhkəmənin ərazisində ictimai qaydaları təmin edir, qanun pozuntularının qarşısını alır, onları aradan qaldırır, nizam-intizamı pozanları aşkar edərək qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görür;

Yəni qanundan göründüyü kimi, hətta vəkil Coşqun İsgəndərov tərəfindən məhkəmə iclası zamanı hər hansı bir pozuntuya yol verilsəydi belə, onda bu barədə müvafiq tədbirlər polis əməkdaşları tərəfindən deyil, icra məmurları tərəfindən həyata keçirilməli idi. (Praktikaya əsasən belə olan halda sədrlik edən hakim məhkəmə zalına icra məmurlarını dəvət edir, sonuncular intizamı pozmuş şəxs barəsində müvafiq tədbirlər görürlər)

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektorunun verdiyi məlumata əsasən isə pozuntuya yol vermiş polis əməkdaşları həm məhkəmənin, (“Polis əməkdaşları isə məhkəmə prosesinə mane olan şəxsə iradlarını bildirərək, onu intizama dəvət ediblər”) həm də icra məmurunun (“Daha sonra isə həmin şəxs polis əməkdaşları tərəfindən zaldan uzaqlaşdırılması təmin edilib”) vəzifələrini yerinə yetirməklə öz vəzifə səlahətlərini aşmışdılar.

Beləliklə, döyülmə faktı hətta hər hansı bir səbəbdən ortaya çıxmasa belə, baş vermiş hadisədə polis əməkdaşları tərəfindən öz vəzifə səlahiyyətlərinin aşması əməli artıq danılmazdır və bu səbəbdən də əməli törətmiş şəxslər ən azı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsinə əsasən cinayyət məsuliyyətinə cəlb edilməlidilər.

Xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qulam İsmayılzadə

Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər