"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosu şagirdlərin hüquqi maarifləndirilməsi ilə bağlı görüş keçirdi - FOTO


  • 3 Noyabr 2022 16:12

“Uşaq Hüquqları Aylığı” çərçivəsində "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun təşəbbüsü ilə 164 nömrəli tam orta məktəbdə şagirdlərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbir keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbirdə Büronun müdiri Yusif Allahverdiyev çıxış edərək bildirib ki, bu il BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının Azərbaycan tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Qeyd edib ki, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir.

O, çıxışında Konvensiya və onun rəhbər prinsipləri barəsində məlumat verib. İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi olduğunu diqqətə çatdırıb.

Daha sonra Büronun vəkilləri çıxış edərək şagirdlərə onların hüquq və vəzifələri barədə məlumat veriblər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması istiqamətində tədbirlər haqqında bəhs ediblər.

Həmçinin yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti, yetkinlik yaşına çatmamış şəxslərin məsuliyyətə cəlb olunma qaydası, məsuliyyətə cəlb olunmuş yetkinlik yaşına çatmayan şəxsin hüquqi təminatları barədə ətraflı məlumat veriblər.

Tədbir şagirdlərin fəal iştirakı ilə müzakirə şəklində davam etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Məktəbin direktoru Kəmalə Qədirova şagirdlərin hüquqi maarifləndirilməsinə göstərdiyi diqqətə görə "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosuna təşəkkür edib və bu cür faydalı görüşlərin davamlı olacağına ümidvar olduğunu bildirib.

Sonda xatirə fotosu çəkdirilib

Oxşar xəbərlər