Bakı 8 saylı Mediasiya Təşkilatı 2025-ci ilin yekunları üzrə ictimai hesabat təqdim edib - FOTO


  • 15:49

Bakı 8 saylı Mediasiya Təşkilatı 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edib.

E-huquq.az-ın məlumatına görə, təşkilatın rəhbəri Mayıl Əhməd "Bakı KOB" evində fəaliyyət göstərən "Mediasiya məkanı"nda hesabatı açıqlayıb.

O bildirib ki, Bakı 8 saylı Mediasiya Təşkilatının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasının (Qeydiyyat № 1121-Q78-4000) dörd ili tamam olub.

"Artıq 2025-ci ili yola salırıq. Belə bir gündə mediatorlarımızın bir qismi ilə məhz "Bakı KOB" evində olmağımız təsadüfi deyildir. Nəzərinizə çatdırıram ki, cənab Prezident İlham Əliyevin 2019-cu il "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq etdikdən sonra bu instituta ilk dəstək verən şəxslərdən biri KOBİA-nın İdarə Heyətinin sədri cənab Orxan Məmmədov olub. Belə ki, onun təşəbbüsü ilə 2022-ci il mart ayının 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının dəstəyi, dövlət qurumlarının və iş adamlarının iştirakı ilə geniş ictimai müzakirə təşkil olunub. Fəaliyyətimizin ilk dövrlərində bu mötəbər tədbir mediasiya institunun üstünlüklərinin böyük auditoriyaya çatdırmaqda biz mediatorlara əvəzolunmaz dəstək verib. Bu hadisədən sonra sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə iş adamlarına mediasiya xidməti göstərilməsi məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 38C ünvanında yeni inşa edilən "Bakı KOB" evində iki otaqdan ibarət "Mediasiya məkanı" adlı otaqlar təqdim olunub. Mediasiya Şurası tərəfindən bu məkanda göstərilən mediasiya xidmətin məqsədi, iş adamlarının kommersiya mübahisələrinin həlli üçün mediasiya xidmətlərinə əlçatanlığını və bu sahədə operativliyi təmin etmək olub".

M.Əhməd cari ildə imzalanan barışıq sazişləri və digər işlər barədə statistik rəqəmləri açıqlayıb: "Bu müsbət addımlar təşkilatımızda təbii inhisarçılardan olan "Azərişıq" ASC ilə iş adamları, sahibkarlıq statusunda olan fiziki şəxslər arasında arasında yaranan "kommersiya xarakterli" mübahisələrinin uğurlu dinamikasında özünü göstərib. Belə ki, bu qurumun rəhbərliyinin mediasiya preseslərinə verdiyi dəstək nəticəsində, istehlakçılar ilə "Azərişıq" ASC arasında yaranan kifayət qədər mübahisələrin məhkəməyə getmədən barışıq sazişlərinin bağlanması ilə yerində həll olunması ilə nəticələnib. Bakı 8 saylı Mediasiya təşkilatına gəldikdə isə, 2025-ci il ərzində təşkilatımıza 2864 iş daxil olub. Bunlardan 462 iş üzrə icraata xitam verilib, 1249 iş üzrə mediasiya sessiyasında yalnız bir tərəf iştirak edib, 467 iş üzrə isə hər iki tərəf iştirak etsə də, tam mediasiya sessiyasına keçməkdən imtina ediblər. Nəticə etibarilə mediasiya sessiyasında hər iki tərəfin iştirak etdiyi 1153 iş üzrə hər iki tərəfi məmnun edən 686 sayda barışıq sazişləri bağlanıb. Bu rəqəm isə təkcə bizim təşkilatda mediasiyada iştirak edən hər iki tərəfi nəzərə alsaq, 1372 şəxsin mediasiyadan məmnun qalması ehtiva edir. Ölkə üzrə isə bu rəqəmin daha yüksək və ürək açan olacağına inanırıq".

Sonda M.Əhməd Azərbaycan xalqını 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, dövlətə sabitlik və əmin-amanlıq, vətəndaşlara isə firavan həyat arzulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər