- 19 Yanvar 17:15
"Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi vətəndaşlara və mediasiya islahatlarına verilən ən böyük dəstəkdir"
Bunu e-huquq.az-a açıqlamasında Bakı 8 saylı Mediasiya təşkilatının direktoru, hüquqşünas Mayıl Əhməd deyib.
Onun sözlərinə görə, 2022-ci ildən rəhbərlik etdiyi Bakı 8 saylı Mediasiya Təşkilatı, orada çalışan 17 profesional mediator heyyəti sayəsində bundan öncəki illərdə olduğu kimi, Mediasiya Şurasının 2025-ci il üzrə paylaşdığı rəsmi statistik məlumata görə ölkə üzrə daha çox yəni, ümumilikdə 1372 sayda vətəndaşın məmnunluğunu təmin edən 686 sayda “Barışıq sazişləri”nin bağlandğı təşkilatdır.

"Belə ki, vətəndaşların, onların nümayəndələrinin və vəkillərinin təşkilatımıza üz tutduqları ailə, əmək, kommersiya və mülki xarakterli mübahisələr üzrə onlara konfidensiallıq qaydalarına riayət edilməklə 4 otaqdan ibarət olan əlverişli ofis şəraitində keyfiyyətli mediasiya xidmətləri göstərilir. Bu müsbət meyarlar sırasında 2025-ci il üzrə və 2026-cı ilin ilk ayında "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinin tələbinə əsasən, təşkilata müraciət edən 195 nəfər aztəminatlı vətəndaşımıza 9750 manat mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini göstərmək olar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2019-cu il № 360 nönrəli Qərarı ilə təsdiq edilmiş "Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi" Qaydasına əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, habelə Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və "DOST" mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslər kateqoriyasına aid edilirlər. Fiziki şəxslər məhz bu kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənədi çox sadə qaydada və təmənnasız olaraq Bakı şəhəri üzrə fəaliyyət göstərən "DOST" mərkəzlərindən əldə etməklə mediatora və ya mediasiya təşkilatına təqdim edirlər. Nəticə etibarı ilə bu şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilən "İlkin mediasiya xərci"ni ödəməkdən azad olurlar ki, bu da vətəndaş məmnuluğunun təmin edir", - deyə M.Əhməd qeyd edib.
.jpg)
O bildirib ki, eyni zamanda bu hal, aztəminatlı vətəndaşların ailə kateqoriyasına aid olan (aliment, uşaqla ünsiyyət və s.), habelə əmək kateqoriyasına aid olan (işə bərpa, son haqq-hesab tələbi və s.) mübahisələri üzrə mediasiya institutuna olan əlçatımlığını təmin edir və bu mübahisələrin məhkəmədən kənar qaydada mediasiya vasitəsi ilə həll olunmasına rəvac verir.
.jpg)
"Daha sonra dövlət büdcəsi vəsaiti, Mediasiya Şurası vasitəsi ilə mediasiya təşkilatlarına köçürülür və şəffaflığın göstəricisi olaraq, rüb ərzində faktiki mediasiya xərcləri ödənilən fiziki şəxslərin sayı (adı, soyadı və ünvanı göstərilməklə) və ödənilmiş vəsaitlərin məbləği barədə məlumatlar Mediasiya Şurası tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir", - deyə M.Əhməd əlavə edib.


Humay Eminqızı