Bakı 8 saylı Mediasiya Təşkilatında 2026-cı ilin ilk 6 ayının nəticələri müzakirə olunub - FOTO


  • 19:25

Bakı 8 saylı Mediasiya Təşkilatında 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş nitqi ilə açan təşkilatın direktoru Mayıl Əhməd hesabat dövründə görülmüş işlər, əldə olunan nəticələr, təşkilatın fəaliyyət göstəriciləri və statistik məlumatlar barədə ətraflı məlumat verib.

Bildirilib ki, 2026-cı ilin ilk altı ayı ərzində Bakı 8 saylı Mediasiya Təşkilatına ümumilikdə 1128 müraciət daxil olub. Hesabat dövründə tamamlanan işlərdən 931-i ailə, 123-ü əmək, 28-i kommersiya, 21-i isə mülki mübahisələr üzrə olub.

Qeyd edilib ki, baxılan işlərdən 148-i üzrə tərəflərin qarşılıqlı razılığı əsasında icraata xitam verilib, 261 iş üzrə isə tərəflər arasında barışıq sazişi bağlanıb. Nəticədə 522 vətəndaş mediasiya prosesindən məmnun qalıb.

Direktor çıxışında mediasiya sahəsində həyata keçirilən tədbirlər, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet istiqamətlər barədə də iştirakçıları məlumatlandırıb.

İclas zamanı, həmçinin Bakı 8 saylı Mediasiya Təşkilatının direktoru Mayıl Əhmədin 2026-cı ilin iyun ayında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən “Fəxri Diplom”la təltif edildiyi diqqətə çatdırılıb. Bu təltif mediasiya institutunun inkişafına göstərilən diqqətin və təşkilatın fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilib.

Daha sonra hesabat dövründə əldə olunan nəticələr, fəaliyyət göstəriciləri və statistik rəqəmlər əsasında mediatorların iştirakı ilə interaktiv müzakirələr aparılıb. Çıxış edən mediatorlar mediasiya fəaliyyətinin daha da təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və gələcək hədəflərlə bağlı fikir və təkliflərini bölüşüblər.

Tədbirdə mediatorlar Tünzalə Hacıyeva, Natəvan Muradova, Zümrüd Əsgərova, Vüsal Rzayev, Vüqar Nağıyev, Günel Əliyeva, Elçin Kərimov, Rəşidə Məhərrəmova, Aydan Şərifova, Nərminə Qəribova, Xatirə Quliyeva və Murad Fərəcli, həmçinin təşkilatın əməkdaşları Şəbnəm Qəhrəmanzadə və Səbinə Qasımova iştirak ediblər.

İclasın sonunda vurğulanıb ki, Bakı 8 saylı Mediasiya Təşkilatının mediatorları bundan sonra da “Mediasiya haqqında” Qanundan irəli gələn vəzifələrin icrasını, mediasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsini, fəaliyyətin səmərəliliyinin artırılmasını və mübahisələrin barışıq yolu ilə həllinin təşviqini prioritet istiqamət kimi davam etdirəcəklər.

Oxşar xəbərlər