- 31 İyul 19:25
İnzibati mübahisələrin məhkəmə qaydasında həlli hüquqi dövlətin və məhkəmə müdafiəsi hüququnun əsas təminatlarından biridir. Bununla belə, məhkəmə inzibati orqanla şəxs arasında yaranmış hər bir fikir ayrılığını həll etmək üçün yeganə vasitə deyil. Mübahisənin faktiki səbəbi qərarın kifayət qədər izah edilməməsi, sübutların inzibati orqana vaxtında təqdim olunmaması, ödəniləcək məbləğin hesablanmasında səhv, inzibati orqanın hərəkətsizliyi, qərarın icra üsulu və ya tərəflər arasında uzunmüddətli münasibətin pozulması olduqda, məhkəmə icraatı tərəflərin nəticəyə olan marağının itməsinə səbəb ola bilər. Belə hallarda mediasiya inzibati orqanın qanunla müəyyən edilmiş səlahiyyətlərini şəxsin hüquq və qanuni mənafeləri ilə uzlaşdıran əlavə hüquqi müdafiə mexanizmi kimi çıxış edə bilər.
Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli “Mediasiya haqqında” Qanununun 3.1.4-cü maddəsi inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələri mediasiyanın tətbiq dairəsinə daxil edir. Qanunun 1.0.2-ci maddəsində mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqan da tərəf anlayışına aid edilir. Lakin ailə və əmək mübahisələrindən fərqli olaraq inzibati mübahisələr üzrə ilkin mediasiya sessiyası məhkəməyə müraciətin məcburi şərti deyil. Bundan əlavə, inzibati orqanın hansı hallarda mediasiyaya razılıq verə, hansı vəzifəli şəxsin danışıqlarda iştirak edə və hansı hədlər daxilində barışıq sazişi bağlaya biləcəyi ayrıca və aydın şəkildə müəyyən edilməmişdir [1]. Nəticədə qanunun tanıdığı imkanın praktiki istifadəsi məhdud qalır.
Mövzunun aktuallığı yalnız inzibati məhkəmələrin iş yükü ilə izah edilə bilməz. Mediasiyanın əhəmiyyəti şəxsin dinlənilməsi, inzibati qərarın səbəblərinin ona anlaşılan dildə izah edilməsi, inzibati orqanın isə qərarın faktiki və hüquqi əsaslarını yenidən yoxlamaq imkanı qazanmasıdır. Avropa Şurası inzibati orqanlarla şəxslər arasındakı mübahisələrdə daxili yenidən baxma, barışdırma, mediasiya, danışıqlar yolu ilə razılaşma və arbitraj kimi alternativ üsulların inkişaf etdirilməsini tövsiyə edir. Bu üsullar məhkəmə nəzarətini aradan qaldırmamalı, qanunun aliliyindən yayınma vasitəsinə çevrilməməli, tərəflərin bərabərliyi və qərəzsizlik təmin edilməlidir [2].
Bu məqalənin məqsədi inzibati mediasiyanın hüquqi təbiətini, Azərbaycan qanunvericiliyindəki mövcud əsaslarını və tətbiq sərhədlərini müəyyən etmək, xarici ölkələrin təcrübəsini müqayisə etmək və Azərbaycanda məcburi ilkin mediasiyanın tətbiq oluna biləcəyi mübahisə kateqoriyalarına dair əsaslandırılmış model irəli sürməkdir. Tədqiqatda formal-hüquqi, müqayisəli-hüquqi, sistemli və funksional təhlil metodlarından istifadə edilmişdir.
İnzibati mediasiyanın anlayışı və hüquqi təbiəti.
Mediasiya mübahisə tərəflərinin qərəzsiz üçüncü şəxsin köməyi ilə qarşılıqlı qəbul edilən həllə gəlməyə çalışdıqları strukturlaşdırılmış və konfidensial prosesdir. Mediator mübahisə barədə məcburi qərar qəbul etmir, tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirmir və onları razılaşmağa məcbur etmir. Onun funksiyası ünsiyyəti təşkil etmək, tərəflərin həqiqi maraqlarını üzə çıxarmaq, hüquqa uyğun həll variantlarının müzakirəsinə şərait yaratmaqdır [3, s. 39-66].
İnzibati mübahisələrin həllində ilkin mediasiyanı inzibat şikayət icraatından, barışıq sazişindən və arbitrajdan fərqləndirmək lazımdır. İnzibati şikayət icraatı yuxarı inzibati orqanın və ya qanunla müəyyən edilmiş başqa şikayət instansiyasının mübahisələndirilən inzibati aktı, imtinanı, hərəkəti və ya hərəkətsizliyi yoxlamasıdır. Burada qərarı neytral üçüncü şəxs deyil, inzibati hakimiyyət sisteminə daxil olan səlahiyyətli orqan qəbul edir. Barışıq sazişi tərəflərin əldə etdiyi hüquqi nəticədir, mediasiya isə həmin nəticəyə aparan üsullardan biridir. Arbitrajda üçüncü şəxs mübahisəni tərəflər üçün məcburi qərarla həll edir, mediator isə yalnız razılaşmanın əldə edilməsinə yardım göstərir.
İnzibati mediasiyanın üç əsas forması fərqləndirilir. İnstitusional mediasiyanı inzibati qurumun yanında fəaliyyət göstərən, lakin konkret mübahisədə funksional müstəqilliyi təmin olunan mediator və ya ombudsman həyata keçirir. Konvensional mediasiyada tərəflər məhkəmədən kənar müstəqil mediator seçirlər. Məhkəmə mediasiyası isə iddia qaldırıldıqdan sonra tərəflərin razılığı ilə hakim tərəfindən təşkil olunur [4]. Bu formalar bir-birini istisna etmir. Eyni hüquq sistemi mübahisənin mərhələsindən və predmetindən asılı olaraq onların hamısından istifadə edə bilər.
İnzibati hüquq münasibətlərində mediasiya özəl hüquqdakı mediasiyanın sadə surəti ola bilməz. Özəl hüquqda tərəflər, bir qayda olaraq, bərabər hüquqi mövqedən və iradə sərbəstliyi əsasında çıxış edirlər. İnzibati orqan isə yalnız qanunla verilmiş səlahiyyət daxilində və ictimai maraq naminə hərəkət edir. O, qanunun tələb etdiyi nəticədən “güzəşt” edə, səlahiyyəti olmayan öhdəlik götürə, publik gəlirdən əsassız imtina edə və ya eyni vəziyyətdə olan şəxslərə fərqli münasibəti gizli razılaşma ilə əsaslandıra bilməz. Buna görə inzibati mübahisələrdən irəli gələn mediasiyada mümkün razılaşmanın sərhədi tərəflərin subyektiv istəyi deyil, qanunilik, səlahiyyət, bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və ictimai maraq prinsipləridir.
Bu xüsusiyyət mediasiyanı inzibati hüquqa yad etmir. Əksinə, inzibati orqanın diskresion səlahiyyəti olduqda, qanun bir neçə hüquqauyğun qərardan birini seçməyə imkan verdikdə və ya mübahisə hüququn mövcudluğundan çox onun həyata keçirilməsi üsulu ilə bağlı olduqda razılaşma üçün real sahə yaranır. İsveçrə modelində mediasiya nəticəsində əldə edilən razılaşma özü icraedici inzibati aktı əvəz etmir, inzibati orqan razılaşmanı qanunauyğun hesab etdikdə onun məzmununu sonrakı inzibati qərara daxil edir [3, s. 61-62]. Bu yanaşma inzibati aktın birtərəfli və hakimiyyət xarakterini qorumaqla şəxsin qərarın hazırlanmasında iştirakını genişləndirir.
Azərbaycan qanunvericiliyində inzibati mübahisələrin mediasiya yolu ilə həlli
“Mediasiya haqqında” Qanun inzibati mübahisələri mediasiyaya açıq şəkildə aid etməklə mühüm başlanğıc yaratmışdır. Qanunun 4-cü maddəsinə görə mediasiyanın məqsədi münaqişə səviyyəsini azaltmaq və tərəfləri qane edən həlli təmin etməkdir. Proses könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorun müstəqilliyi və qərəzsizliyi, müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsiplərinə əsaslanır. Qanunun 21.2-ci maddəsi mediasiyanın həm məhkəməyə qədər, həm də işə məhkəmədə baxılan zaman tətbiqinə imkan verir. 21.4-cü maddəyə əsasən mediasiya müqaviləsinin bağlanması məhkəmədə baxılan inzibati iş üzrə icraatın dayandırılmasına səbəb olur [1].
İnzibati Prosessual Məcəllənin 66-cı maddəsi də razılaşma üçün prosessual baza yaradır. Tərəflər yalnız mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları halda mübahisəni tam və ya qismən həll edən barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişi ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyə zidd olduqda məhkəmə onu təsdiqləməməlidir, mübahisənin həlli xüsusi ictimai maraq kəsb etdikdə də təsdiqdən imtina edə bilər. Məhkəmə tərəflərə barışıq sazişi bağlamağı təklif etmək səlahiyyətinə malikdir. Məcəllənin 67-ci maddəsi isə cavabdeh inzibati orqana yekun qəraradək iddiaçının tələbini təmin edən yeni inzibati akt qəbul etmək və ya başqa tədbir görmək imkanı verir [5]. Bu normaların birlikdə təhlili göstərir ki, Azərbaycan inzibati prosessual hüququ tərəflərin razılaşmasını qadağan etmir, əksinə, qanunauyğun və sərəncam verilə bilən predmet üzrə bunu qəbul edir.
“İnzibati icraat haqqında” Qanun inzibati şikayət mexanizmini nəzərdə tutur. Şikayət instansiyası mübahisələndirilən aktı qüvvədə saxlaya, tam və ya qismən ləğv edib yeni akt qəbul edə, aktı dəyişdirə, hərəkət və ya hərəkətsizliklə bağlı araşdırmanın nəticəsinə dair qərar verə bilər [6]. Mediasiya bu səlahiyyətləri əvəz etmədən inzibati şikayətin baxılması daxilində və ya ondan əvvəl istifadə oluna bilər. Məsələn, mediatorun iştirakı ilə tərəflər hansı faktların mübahisəsiz olduğunu, hansı əlavə sənədlərin təqdim edilməli olduğunu, qərarın hansı hissəsinin yenidən qiymətləndirilə biləcəyini və qanuni nəticənin hansı müddətdə həyata keçiriləcəyini müəyyən edə bilərlər. Yekun hüquqi nəticəni yenə səlahiyyətli inzibati orqan qəbul etməlidir.
Mövcud tənzimləmənin əsas çatışmazlığı inzibati orqanın mediasiyadakı iradəsinin formalaşması qaydasının qeyri-müəyyənliyidir. “Mediasiyanın tətbiqinə razılıq vermiş inzibati orqan” ifadəsi kifayət etmir. Büdcə öhdəliyi yaradan razılaşmanı kimin imzalayacağı, nümayəndənin güzəşt həddi, hüquq xidmətinin və maliyyə bölməsinin rəyi, üçüncü şəxslərin hüquqlarının yoxlanılması, razılaşmanın sonradan inzibati akta çevrilməsi və ictimai maraq testinin hansı qaydada aparılması ayrıca müəyyən edilməlidir. Aydın səlahiyyət olmadan vəzifəli şəxs qanunsuz ödənişə, dövlət əmlakına sərəncam verməyə və ya audit məsuliyyətinə cəlb olunmaqdan ehtiyat edərək mediasiyaya formal yanaşa bilər. Türkiyə təcrübəsi üzrə tədqiqatlarda da dövlət qulluqçularının publik zərərə səbəb olmaq və audit məsuliyyəti qorxusunun barışıq mexanizmlərinin səmərəli işləməsinə mane olduğu göstərilir [7, s. 245-262].
Digər problem konfidensiallıqla inzibati fəaliyyətin şəffaflığı arasındakı münasibətdir. Danışıqların məxfiliyi tərəflərin açıq danışmasını təmin edir, lakin publik vəsaitin xərclənməsi, inzibati qərarın dəyişdirilməsi və eyni vəziyyətdə olan şəxslərə münasibət tamamilə gizli qala bilməz. Buna görə mediasiya zamanı edilmiş təkliflər və etiraflar konfidensial saxlanmalı, yekun razılaşmanın hüquqi əsası, ödənilən məbləğ, icra müddəti və səlahiyyətli şəxslərin təsdiqi isə qanunla müəyyən edilmiş həddə qeydiyyata alınmalı və audit üçün əlçatan olmalıdır. Şəxsi məlumatlar, kommersiya sirri və həssas məlumatlar qorunmaqla anonimləşdirilmiş statistikanın dərc edilməsi də vahid inzibati təcrübəyə xidmət edər.
İnzibati mübahisələrin mediasiyaya yararlılıq meyarları.
İnzibati mübahisənin mediasiyaya yararlı olub-olmaması yalnız iddianın adından asılı müəyyən edilə bilməz. Eyni iddia növü daxilində bir məsələ razılaşmaya açıq, digəri isə sərt qanunilik nəzarəti tələb edə bilər. Əsas meyarlar mübahisənin predmetinə sərəncam vermək imkanının mövcudluğu, inzibati orqanın diskresion səlahiyyəti, üçüncü şəxslərə təsir, normativ və ya fərdi aktın mübahisələndirilməsi, ictimai qayda və büdcə maraqları, habelə vahid hüquqi təcrübənin formalaşdırılmasına ehtiyacdır [16].
Mediasiyaya ən uyğun predmet inzibati aktın və ya hərəkətin vurduğu zərərin ödənilməsi, publik xidmətin qüsurlu təşkili, qanunsuz hərəkət nəticəsində dəymiş maddi zərər, ödənilməli sosial məbləğin hesablanması və digər fərdi pul tələbləridir. Belə mübahisələrdə tələb konkret şəxsin subyektiv hüququna aiddir və razılaşma, bir qayda olaraq, qeyri-müəyyən şəxslər dairəsinin hüquqi vəziyyətini dəyişmir. Mübahisə zərərin mövcudluğundan deyil, onun məbləğindən, səbəbli əlaqənin dərəcəsindən, ödəniş müddətindən və icra üsulundan doğursa, mediasiya xüsusilə səmərəli ola bilər [7, s. 257-260].
Lakin pul tələbinin mövcudluğu avtomatik olaraq sərbəst razılaşma imkanı yaratmır. Verginin, gömrük ödənişinin və ya qanunda dəqiq müəyyən edilmiş digər publik öhdəliyin hüquqi əsası tərəflərin danışıqları ilə dəyişdirilə bilməz. Hesablama xətası, faktların səhv götürülməsi, ödəniş qrafiki və qanunun icazə verdiyi güzəşt mexanizmi müzakirə oluna bilər, vergi və ya gömrük öhdəliyinin qanuna zidd “güzəşt” edilməsi isə mediasiyanın predmeti ola bilməz. Eyni yanaşma inzibati cərimələrə də şamil edilməlidir. Qanun cərimənin sabit məbləğini müəyyən edirsə, mediator başqa məbləğ yarada bilməz. İnzibati orqanın qanuni diapazon daxilində diskresiyası və ya aşkar hesablama səhvi varsa, yalnız həmin sərhəddə razılaşma mümkündür.
Fərdi inzibati aktla bağlı hər bir mübahisənin mediasiyadan kənarlaşdırılması da düzgün olmaz. Aktın hazırlanması mərhələsində faktların aydınlaşdırılması, maraqlı şəxsin dinlənilməsi, alternativ texniki həllərin seçilməsi və mütənasibliyin qiymətləndirilməsi üçün mediasiya tətbiq edilə bilər. Akt qəbul edildikdən sonra inzibati orqan onu geri götürmək, dəyişdirmək və ya yeni akt qəbul etmək səlahiyyətinə malikdirsə, mediasiyada əldə edilən nəticə həmin səlahiyyətin qanunauyğun həyata keçirilməsinə əsas ola bilər. Razılaşmanın özü qanunsuz aktı “qanuniləşdirməməli”, səlahiyyətli orqan razılaşmaya uyğun yeni hüquqi akt qəbul etməlidir [3, s. 49-51].
Dövlət satınalmaları və digər publik müqavilələr üzrə mübahisələrdə müqavilənin icrası, görülmüş işin həcmi, ödəniş, gecikmə, cərimə, keyfiyyət qüsurunun aradan qaldırılması və müqavilənin xitamının maliyyə nəticələri mediasiyaya yararlı ola bilər. Tenderin nəticəsinin qanuniliyi, rəqabət qaydalarının pozulması və bütün iştirakçıların bərabərliyi isə ikitərəfli razılaşma ilə həll edilməməlidir. Başqa sözlə, müqavilənin icrasına dair subyektiv və pul tələbi ilə bağlı mübahisə ilə satınalma prosedurunun obyektiv qanunilik nəzarəti ayrılmalıdır.
Şəhərsalma, tikinti və ətraf mühit mübahisələri də texniki alternativlərin çoxluğu səbəbindən mediasiyadan faydalana bilər. Tikilinin yerləşməsi, giriş yolu, səs və tozun azaldılması, yaşıllığın bərpası, iş saatları və kompensasiya tədbirləri razılaşdırıla bilər. Lakin razılaşma məcburi ekoloji standartı zəiflədə, qanunsuz tikintini leqallaşdıra və prosesdə iştirak etməyən qonşuların hüquqlarına toxuna bilməz. Çoxtərəfli təsir olduqda bütün mühüm maraqlı şəxslərin prosesə cəlb edilməsi və yekun nəticənin ictimai maraq baxımından yoxlanılması zəruridir.
Xarici ölkələrin inzibati mübahisələrdən irəli gələn mediasiya modelləri.
Fransa inzibati mediasiyanın ayrıca və sistemli tənzimləndiyi, həm də müəyyən mübahisələr üzrə məhkəməyə qədər məcburi tətbiq olunduğu ən aydın nümunədir. Fransa İnzibati Ədalət Məcəlləsinin L.213-1-ci maddəsi mediasiyanı tərəflərin seçdiyi və ya onların razılığı ilə məhkəmənin təyin etdiyi üçüncü şəxsin köməyi ilə mübahisənin dostcasına həlli barədə razılaşmaya gəlməyə çalışdıqları strukturlaşdırılmış proses kimi müəyyən edir. Həmin Məcəllənin L.213-2-ci maddəsi mediatorun qərəzsiz, səriştəli və diqqətli fəaliyyətini, habelə istisnalar nəzərə alınmaqla konfidensiallığı tələb edir. L.213-3-cü maddəyə görə tərəflər sərbəst sərəncam verə bilmədikləri hüquqlara toxunan razılaşma bağlaya bilməzlər. Məhkəmə Məcəllənin L.213-4-cü maddəsinə əsasən razılaşmanı təsdiq edib ona icra qüvvəsi verə bilər [8].
2021-ci il 22 dekabr tarixli Qanunla Məcəlləyə L.213-11-L.213-14-cü maddələr əlavə edilərək məcburi ilkin mediasiya daimi mexanizmə çevrilmişdir. Müəyyən fərdi inzibati qərarlardan verilən iddia mediasiya cəhdindən əvvəl qaldırıldıqda qəbuledilməz sayılır. Məcburi mediasiyanın xərclərini mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqan daşıyır, mediatorun cəlb edilməsi iddia müddətini kəsir və iddia müddəti mediasiya bitdikdən sonra yenidən axmağa başlayır [8].
25 mart 2022-ci il tarixli 2022-433 nömrəli Dekret dövlət qulluqçuları üzrə məcburi mediasiyanın predmetini konkret siyahı ilə məhdudlaşdırır. Siyahıya əməyin ödənilməsi elementləri, ezamiyyət və ya müvəqqəti ayrılma, xidmətdən müvəqqəti kənarda qalma və ödənişsiz məzuniyyətlə bağlı imtinalar, belə dövrlərdən sonra vəzifəyə bərpa, daxili irəliləyişdən sonra dərəcələndirmə, fasiləsiz peşə təhsili, əlilliyi olan işçilər üçün uyğun tədbirlər və sağlamlıq səbəbindən əmək şəraitinin uyğunlaşdırılması barədə fərdi əlverişsiz qərarlar daxildir. Mexanizm təhsil sistemi qulluqçularına və müvafiq müqavilə bağlamış yerli hakimiyyət qurumlarının qulluqçularına tətbiq olunur. Dekret həmçinin məşğulluq qurumunun müəyyən fərdi qərarları üzrə sosial mübahisələri əhatə edir [9].
Fransada 2018-2021-ci illər üzrə pilot mərhələdə 4 364 ilkin mediasiyanın 76 faizinin razılaşma ilə nəticələndiyi, məşğulluq qurumu ilə bağlı tamamlanmış 2 644 işdə razılaşma göstəricisinin 98 faizə çatdığı bildirilmişdir [4; 15]. Bu göstəricilər bütün inzibati mübahisələrə avtomatik tətbiq edilə bilməz, lakin çoxsaylı, oxşar faktlı və fərdi sosial mübahisələrin ilkin mediasiyaya uyğunluğunu göstərir. Fransız modelinin Azərbaycan üçün əsas dərsi məcburiliyin ümumi deyil, dəqiq siyahı üzrə tətbiqi, xərcin inzibati orqan tərəfindən ödənilməsi, iddia müddətinin qorunması və razılaşmanın qanunilik nəzarətinə tabe olmasıdır.
Almaniyada inzibati mübahisələrdə mediasiya mümkündür, lakin ümumi məcburi ilkin mediasiya rejimi yoxdur. Alman Mediasiya Qanunu publik və özəl hüquq mübahisələrini ayırmır. İnzibati məhkəmə icraatında İnzibati Məhkəmə Prosessual Qanununun 173-cü paraqrafı vasitəsilə Mülki Prosessual Məcəllənin müvafiq normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 278-ci paraqrafının 5-ci hissəsi işi qərar vermək səlahiyyəti olmayan barışdırıcı hakimə göndərməyə, Məcəllənin 278a paraqrafı isə tərəflərə mediasiya və ya digər alternativ həll üsulunu təklif etməyə imkan verir. Tərəflər razılaşdıqda icraat dayandırılır [10; 11].
Alman təcrübəsində mediasiya iri infrastruktur, hava limanı, yol, şəhərsalma, qonşuluq, dövlət qulluqçuları və publik müqavilə mübahisələrində istifadə olunmuşdur. Mediasiyanın üstünlüyü məhkəmənin yalnız hüquqi tələbi həll etdiyi halda tərəflərin texniki, iqtisadi və münasibətə dair əlavə məsələləri də bir paketdə razılaşdıra bilməsidir. Lakin prosesə giriş və razılaşmanın qəbulu könüllüdür [3, s. 53-60].
İsveçrənin Federal İnzibati Prosessual Qanununun 33b maddəsi inzibati icraat daxilində dostcasına razılaşma və mediasiyanı birbaşa tənzimləyir. Səlahiyyətli orqan tərəflərin razılığı ilə icraatı dayandıra və qərarın məzmunu barədə razılaşmaya yardım üçün neytral, səriştəli mediator təyin edə bilər. Razılaşmada qanuni qüsur olmadıqda inzibati orqan onu yekun qərarının məzmununa daxil edir, tərəflərdən biri istənilən vaxt icraatın davamını tələb edə bilər. Razılaşma əldə edildikdə, bir qayda olaraq, inzibati icraat xərci tutulmur [12].
İsveçrə modeli mediasiyanı inzibati qərarın qəbulundan əvvəl iştirakçı idarəetmə vasitəsi kimi təqdim edir. Burada məcburilik yoxdur, lakin mediasiyanın nəticəsinin inzibati aktla əlaqəsi aydın tənzimlənmişdir. Azərbaycan üçün bu model xüsusilə diskresion səlahiyyətin həyata keçirilməsi, mürəkkəb faktların müəyyən edilməsi və öhdəliyin icrası ilə bağlı inzibati icraatlarda faydalıdır.
İngiltərə və Uelsdə xüsusi təhsil ehtiyacları və əlilliklə bağlı yerli hakimiyyət qərarlarından bəzi şikayətlər üzrə valideyn və ya gənc Tribunalda şikayət verməzdən əvvəl mediasiya məsləhətçisi tərəfindən verilmiş sertifikat almalıdır. 2014-cü il “Uşaqlar və ailələr haqqında” Qanunun 55-ci bölməsinə görə sertifikat mediasiyada iştirak edildikdə də, şəxs məlumatlandırıldıqdan sonra mediasiyadan imtina etdikdə də verilə bilər [13]. Buna görə bu model məcburi barışıq deyil, məcburi olan məlumatlandırılmış şəkildə mediasiyanı nəzərdən keçirmək və sertifikat mərhələsindən keçməkdir. Şəxs mediasiyanı seçərsə, yerli hakimiyyət orqanı prosesdə iştirak etməlidir. Bu fərq könüllülük prinsipinin qorunması baxımından vacibdir.
CEPEJ Belçikada dövlət qulluğu mübahisələri üzrə inzibati orqan daxilində məhkəmədən əvvəl barışdırma cəhdini də məcburi prosedur nümunəsi kimi göstərir. Bu mexanizm mediasiyaya yaxın olsa da, institusional və hüquqi baxımdan klassik müstəqil mediator mediasiyası ilə eyniləşdirilməməlidir [4].
Niderlandda satınalma mübahisələri üzrə Dövlət Satınalmaları Ekspert Komissiyası barışdırma və ya ekspert rəyi verə bilir, məhkəmə də tərəfləri razılaşmaya təşviq edə bilər. Litvada inzibati və vergi mübahisələri komissiyaları məhkəmədən əvvəl həll funksiyası daşıyır və inzibati məhkəmə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Norveçdə inzibati işlər ayrıca inzibati məhkəmə sistemində deyil, ümumi məhkəmələrdə həll edildiyindən, müəyyən işlərdə barışdırma şurasına ilkin müraciət qaydaları tətbiq oluna bilər. İspaniyanın bəzi muxtar bölgələrində inzibati mediasiya protokolları, Portuqaliya inzibati məhkəmə prosessual qanunvericiliyində mediasiya, Ukraynanın inzibati prosessual qanunvericiliyində isə tərəflərin barışması ilə bağlı normalar mövcuddur. Bu modellərin çoxunda mediasiya mümkündür və təşviq olunur, lakin Fransa tipli ümumi qanuni məcburi mediasiya qaydası yoxdur [4; 14; 17].
Beləliklə, müqayisəli hüquqda üç yanaşma görünür. Fransa dar və dəqiq müəyyən edilmiş kateqoriyalar üzrə həqiqi məcburi ilkin mediasiya tətbiq edir. İngiltərə və Uels mediasiya barədə məcburi məlumatlandırma və sertifikat modelini seçir. Almaniya, İsveçrə, İspaniya, Portuqaliya və digər dövlətlərin əsas yanaşması könüllü, hakim tərəfindən təklif olunan və ya inzibati icraat daxilində təşkil edilən mediasiyadır. Azərbaycanda model seçilərkən bu hüquqi fərqlər saxlanılmalıdır.
Müqayisəli hüquqda ən azı dörd müxtəlif məcburilik forması mövcuddur:
- məhkəməyə müraciətdən əvvəl mediator qarşısında real mediasiya cəhdinin məcburi olması;
- mediasiya barədə məlumat almağın və bunu təsdiq edən sənəd əldə etməyin məcburi olması;
- müstəqil mediator olmadan inzibati orqan daxilində barışdırma cəhdinin məcburi olması;
- iş məhkəməyə və ya tribunala daxil olduqdan sonra həmin orqanın konkret işi mediasiyaya və ya daha geniş alternativ həll prosesinə məcburi yönləndirməsi.
Yalnız birinci model klassik mənada məcburi ilkin mediasiyadır. Digər modellər məcburi alternativ həll mexanizmləri olsa da, onların mediasiya adlandırılması hüquqi təbiət nəzərə alınmaqla şərti xarakter daşıyır [4].
Fransa hazırda Avropa inzibati hüquq sistemində məcburi ilkin mediasiyanın ən tam və aydın nümunəsidir. İnzibati Ədalət Məcəlləsinin L.213-11-ci maddəsinə görə normativ aktla müəyyən edilən fərdi inzibati qərarlar barədə iddia əvvəlcə mediasiya cəhdindən keçirilməlidir. Bu mərhələ ötürülərsə, inzibati məhkəmə iddianı rədd edir və materialları səlahiyyətli mediatora göndərir, mediatorun müraciət tarixi ilkin iddianın məhkəmədə qeydiyyata alındığı tarix hesab olunur. Beləliklə, məcburilik məhkəməyə çıxışı birdəfəlik aradan qaldırmır, yalnız iddiaçını əvvəlcə qısa və pulsuz mediasiya mərhələsindən keçməyə yönəldir [8; 9].
Fransada dövlət qulluğu üzrə məcburi mediasiya bütün qulluq mübahisələrinə deyil, 2022-433 nömrəli Dekretin 2-ci maddəsində qapalı şəkildə sadalanan yeddi qərar qrupuna tətbiq olunur:
1. Dövlət qulluqçusunun əmək haqqının və digər ödəniş elementlərinin müəyyən edilməsi;
2. Başqa vəzifəyə və ya orqana müvəqqəti göndərilmədən, sərəncamda saxlanılmadan və müqaviləli işçiyə ödənişsiz məzuniyyət verilməsindən imtina;
3. Ezamiyyət, sərəncamda olma, valideyn məzuniyyəti və ya müqaviləli işçinin müvafiq məzuniyyəti başa çatdıqdan sonra vəzifəyə bərpa və ya yenidən işə qəbul;
4. Daxili irəliləyiş nəticəsində dərəcə, korpus və ya vəzifə çərçivəsinin təsnifatı;
5. Ömürboyu peşə təhsili;
6. Əlilliyi olan qulluqçular üçün işəgötürənin görməli olduğu ağlabatan uyğunlaşdırma tədbirləri;
7. Sağlamlıq vəziyyətinə görə əvvəlki qaydada işləyə bilməyən qulluqçunun iş şəraitinin uyğunlaşdırılması. Bu rejim dövlət təhsil sisteminin qanunda müəyyən edilən qulluqçularına, habelə müvafiq idarəetmə mərkəzi ilə müqavilə bağlamış ərazi icmaları və onların publik müəssisələrinin qulluqçularına şamil edilir [9].
Fransanın ikinci məcburi kateqoriyası məşğulluq və işsizlik təminatı ilə bağlı sosial inzibati qərarlardır. Hazırda France Travail adlanan məşğulluq qurumunun inzibati məhkəmənin səlahiyyətinə aid fərdi qərarları üzrə məcburi mediasiya aşağıdakı qrupları əhatə edir:
1. Qurumun idarə heyətinin səlahiyyəti daxilində qəbul edilən müəyyən fərdi qərarlar;
2. İşaxtaran şəxsin qeydiyyatına xitam verilməsi və ya qeydiyyat kateqoriyasının dəyişdirilməsi; işaxtaranlar siyahısından çıxarılma;
3. Əvəzedici gəlirin dayandırılması;
4. İnzibati maliyyə sanksiyası; əsassız ödənilmiş müavinət, yardım və digər ödənişlərin geri tələb edilməsi;
5. Gənclərin məşğulluğa və müstəqilliyə müqaviləli müşayiət proqramı üzrə müavinətlər, xüsusi həmrəylik müavinəti, tamaşa və incəsənət sahəsində fasilələrlə çalışan şəxslər üçün həmrəylik ödənişləri və biznes yaratmaq və ya biznesi təhvil almaq üçün dövlət yardımı barədə qərarlar [9].
Bu siyahı göstərir ki, məcburi mediasiya daha çox kütləvi, fərdi, faktların və hesablamaların dəqiqləşdirilməsinə açıq, eyni zamanda şəxsin gündəlik sosial vəziyyətinə birbaşa təsir edən işlər üçün seçilmişdir.
Fransa təcrübəsinin başqa mühüm xüsusiyyəti uğursuz pilot kateqoriyaların daimi rejimə mexaniki daxil edilməməsidir. Pilot dövrdə minimum gəlir, mənzil yardımı və bəzi digər sosial ödəniş mübahisələri də sınaqdan keçirilmiş, lakin qiymətləndirmədən sonra onların bir hissəsi məcburi rejimdən çıxarılmışdır. Bu, Azərbaycanda da qanunun əvvəlcədən həddindən artıq geniş siyahı müəyyən etməməli, pilot nəticələr, razılaşma faizi, prosesin müddəti, sonradan məhkəməyə verilən işlərin sayı və həssas qruplara təsir əsasında kateqoriyaları genişləndirməli və ya daraltmalı olduğunu göstərir [15].
2014-cü il “Uşaqlar və ailələr haqqında” Qanunun 51-55-ci bölmələri xüsusi təhsil ehtiyacları olan uşaqlar və gənclərlə bağlı yerli hakimiyyət qərarlarından Tribunal şikayətini mediasiya mərhələsi ilə əlaqələndirir. Sertifikat tələbi EHC, yəni təhsil, sağlamlıq və qayğı ehtiyaclarının qiymətləndirilməsindən imtina, qiymətləndirmədən sonra EHC planının hazırlanmasının zəruri sayılmaması, planda uşağın və ya gəncin xüsusi təhsil ehtiyaclarının düzgün göstərilməməsi, nəzərdə tutulan xüsusi təhsil təminatının məzmunu, ehtiyacların yenidən qiymətləndirilməsindən imtina, baxışdan və ya yenidən qiymətləndirmədən sonra planın dəyişdirilməsi və ya əvəz edilməsindən imtina, EHC planının saxlanılmasına xitam verilməsi barədə mübahisələrə tətbiq olunur [13].
Lakin valideyn və ya gənc yalnız planda göstərilən məktəbin və ya digər təhsil müəssisəsinin adı, müəssisənin növü, yaxud planda hər hansı müəssisənin göstərilməməsi ilə bağlı şikayət verirsə, mediasiya sertifikatı tələb olunmur. Digər kateqoriyalarda şəxs müstəqil mediasiya məsləhətçisindən məlumat almalı və sertifikat əldə etməlidir. Şəxs mediasiyanı seçmədiyini bildirdikdə də sertifikat verildiyinə görə faktiki mediasiya görüşündə iştirak məcburi deyil. Mediasiya seçilərsə, yerli hakimiyyət prosesdə iştirak etməlidir. Buna görə İngiltərə və Uels modeli “məcburi mediasiya”dan daha dəqiq şəkildə “mediasiyanı məlumatlı qaydada nəzərdən keçirmənin məcburiliyi” kimi xarakterizə edilməlidir [4; 13].
CEPEJ Belçika təcrübəsini məcburi xarakterli inzibati alternativ həll nümunələri sırasında göstərir. Mexanizm dövlət qulluğu münasibətlərində inzibati orqanın daxilində ilkin barışdırma cəhdinin həyata keçirilməsini şikayət yolundan əvvəl tələb edir [4]. Bununla belə, prosesin inzibati struktur daxilində aparılması, müstəqil üçüncü şəxsin statusunun klassik mediasiyadakı qədər aydın olmaması və “barışdırma” anlayışından istifadə edilməsi səbəbindən bu mexanizm Fransa modelindəki müstəqil inzibati mediasiya ilə eyniləşdirilməməlidir. Belçika nümunəsi Azərbaycan Respublikası üçün, ilk növbədə, dövlət qulluqçusunun pul, iş rejimi, məzuniyyət, yerləşdirmə və xidməti şərait tələbləri üzrə inzibati orqanın daxilində operativ barışıq komissiyasının mümkünlüyünü göstərir, lakin belə komissiya sonradan müstəqil mediator və məhkəmə qarşısında müdafiə hüququnu əvəz etməməlidir.
Litvada İnzibati Mübahisələr Komissiyası və Vergi Mübahisələri Komissiyası müəyyən inzibati işləri məhkəmədən əvvəl araşdırır. CEPEJ bu qurumları geniş mənada institusional mediasiya və ilkin alternativ həll strukturları sırasında qeyd edir [4; 17]. Bununla belə, komissiya mübahisəyə baxıb hüquqi mövqe və ya qərar formalaşdırdıqda onun fəaliyyəti klassik mediatorun yalnız ünsiyyəti asanlaşdıran və tərəflərə həll qəbul etdirməyən rolundan fərqlənir.
2024-cü il İnzibati Baxış Tribunalı haqqında Qanunun 87-ci maddəsi Avstraliya İnzibati Baxış Tribunalına icraatın tamamını, onun bir hissəsini və ya icraatda yaranan konkret məsələni mübahisələrin alternativ həlli prosesinə yönləndirmək səlahiyyəti verir. Tribunal prosesdə iştirak edən tərəflərdən vicdanla davranmağı tələb edə bilər. Qanunun əhatə etdiyi inzibati baxış sahələrinə ümumi inzibati işlərlə yanaşı sosial təminat, vergi və biznes, miqrasiya, müdafiə statusu, milli əlillik sığortası, veteranlar və işçilərin kompensasiyası, habelə kəşfiyyat və təhlükəsizlik sahələri daxildir, lakin rəhbər qərarlar və apellyasiya paneli icraatında yalnız konfrans formasına icazə verilməsi kimi xüsusi məhdudiyyətlər mövcuddur [19]. Burada məcburilik əvvəlcədən qanunda sadalanmış hər bir mübahisə kateqoriyasına avtomatik tətbiq edilmir. Tribunal işin xarakterini qiymətləndirərək konkret işi mediasiya, barışdırma və ya başqa uyğun prosesə yönəldir.
Bəzi müqayisəli mənbələr Norveçdə aşağı məbləğli işlərin əvvəlcə Barışdırma Şurasına təqdim edilməsini inzibati mübahisələrə də şamil olunan məcburi mexanizm kimi təqdim edir [4]. Lakin Norveç Mübahisələr haqqında Qanununun 6-2-ci maddəsi publik hakimiyyət orqanına, publik müəssisəyə və ya vəzifəli şəxsə qarşı qaldırılan və yalnız xüsusi hüquq xarakteri daşımayan işlərin Barışdırma Şurasında baxılmasını açıq şəkildə istisna edir [20]. Buna görə xüsusi hüquq xarakterli dövlət mübahisələrində məcburi ilkin barışdırma mümkün olsa da, publik-hüquqi inzibati qərarın qanuniliyinə dair işlərdə Norveçin ümumi məcburi mediasiya tətbiq etdiyi nəticəsinə gəlmək olmaz. Bu dəqiqləşdirmə xarici model seçərkən təkcə prosedurun adını deyil, onun tətbiq dairəsini müəyyən edən istisnaları da araşdırmağın vacibliyini nümayiş etdirir.
İspaniyanın Madrid inzibati mediasiya protokolunda kompensasiya, şəhərsalma, ətraf mühit və ərazi təşkili, zərərli fəaliyyətlər, inzibati hərəkətsizlik, intizam və inzibati sanksiyaların icrası, dövlət qulluğu, borclunun müflisliyi halında vergi və publik ödənişlərin yığılması, habelə məhkəmə qərarlarının icrasında yaranan çətinliklər mediasiyaya yararlı sahələr kimi göstərilir, lakin tərəflərin iştirakı ümumi qaydada könüllüdür [4]. Almaniyada barışdırıcı hakim və məhkəmənin mediasiya təklifi, İsveçrədə inzibati icraat daxilində razılaşma, Niderlandda dövlət satınalmaları üzrə ekspert komissiyasının barışdırma imkanı, Portuqaliyada isə inzibati məhkəmə prosesi ilə əlaqələndirilmiş mediasiya mövcuddur, lakin bu mexanizmlər Fransa tipli kateqoriya əsaslı məcburi ilkin mediasiya yaratmır [3; 4; 10-12].
Məhkəməyə müraciətin qəbuledilənlik şərti kimi real ilkin mediasiya Fransa hüququnda konkret dövlət qulluğu və məşğulluq-sosial təminat qərarları üçün aydın şəkildə təsbit edilmişdir. İngiltərə və Uels xüsusi təhsil mübahisələrində mediasiya məlumatı və sertifikatını, Belçika dövlət qulluğu sahəsində inzibati barışdırma cəhdini, Litva inzibati və vergi işlərində məhkəməyəqədər komissiya baxışını, Avstraliya isə tribunalın konkret iş üzrə məcburi alternativ həllə yönləndirməsini tətbiq edir.
Nəticə.
Mediasiyanın məcburi olması tərəflərin razılaşmağa məcbur edilməsi demək deyil. Qanun yalnız ilk məlumatlandırma və real danışıqlar sessiyasında vicdanla iştirak vəzifəsi müəyyən edə bilər. Tərəf istənilən vaxt prosesdən çıxa bilməli, mediatorun təklifini rədd edə bilməli və məhkəməyə müraciət hüququnu saxlamalıdır. Bu yanaşma “məcburi giriş, könüllü nəticə” modeli kimi ifadə oluna bilər. Avropa Şurasının Rec(2001)9 saylı Tövsiyəsi alternativ üsulun bəzi hallarda məhkəməyə müraciətin ilkin şərti olmasını mümkün sayır, lakin hər bir halda adekvat məhkəmə nəzarətini son təminat kimi tələb edir [2].
Məcburi mediasiya bütün inzibati mübahisələrə şamil edilməməlidir. Tətbiq dairəsi qanunda qapalı siyahı ilə göstərilməli, Nazirlər Kabinetinə yalnız pilot layihənin texniki və ərazi əhatəsini müəyyən etmək səlahiyyəti verilməlidir. Əks halda icra hakimiyyəti məhkəməyə çıxış hüququnun hüdudlarını normativ aktla həddən artıq genişləndirə bilər. İlk mərhələdə ikiillik və ya üçillik pilot proqram, müstəqil qiymətləndirmə və yalnız nəticələrdən sonra daimi tətbiq daha əsaslıdır.
Azərbaycanda ilkin pilot üçün aşağıdakı mübahisələrin seçilməsi məqsədəuyğundur:
Birinci kateqoriya dövlət qulluqçularının və digər publik xidmət əməkdaşlarının fərdi pul və iş şəraiti mübahisələridir. Buraya əmək haqqı, əlavə, kompensasiya və ezamiyyə ödənişinin hesablanması, məzuniyyət, xidməti yerdəyişmə və vəzifəyə bərpa, peşə hazırlığı, əlilliyi və ya sağlamlıq vəziyyəti ilə bağlı uyğun iş şəraitinin yaradılması, attestasiya və irəliləyişdən sonra dərəcənin hesablanması aid edilə bilər. Dövlət qulluğuna ilkin qəbulun müsabiqə nəticələri, ağır intizam tənbehləri, korrupsiya və etik pozuntu faktının hüquqi qiymətləndirilməsi bu siyahıya daxil edilməməlidir. Fransanın qapalı siyahısı bu seçim üçün praktik nümunədir [9].
İkinci kateqoriya sosial təminat və sosial yardımın məbləği, ödəniş dövrü, sənədlərin yetərliliyi və faktiki halların qiymətləndirilməsi ilə bağlı fərdi mübahisələrdir. Pensiya hüququnun qanunda mövcud olmayan əsasla yaradılması mümkün deyil, lakin iş stajının, ödəniş dövrünün, ailə tərkibinin və gəlirin düzgün nəzərə alınıb-alınmaması erkən mərhələdə yoxlanıla bilər. Bu işlərdə şəxslər çox vaxt həssas sosial vəziyyətdə olur və qərarın sadə dildə izahı mübahisənin həllində mühüm rol oynayır.
Üçüncü kateqoriya idari hərəkət və ya publik xidmət nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə müəyyən həddədək olan tələblərdir. Dövlət xəstəxanasının məsuliyyəti, yol və kommunal infrastrukturun qüsuru, inzibati orqanın qanunsuz saxlaması və ya əmlaka zərər vurması kimi işlərdə məsuliyyətin hüquqi əsasının aşkar mübahisəli olmadığı, əsas fikir ayrılığının zərərin məbləği və ödəniş üsulu ilə bağlı olduğu hallar seçilə bilər. Pul həddi hər il indeksləşdirilməli, yüksək məbləğli və presedent əhəmiyyətli işlər istisna edilməlidir.
Dördüncü kateqoriya publik müqavilələrin icrasına dair mübahisələrdir. Görülmüş işin qəbul edilməsi, ödəniş, gecikmə cəriməsi, qüsurun aradan qaldırılması, icra müddətinin qanun daxilində dəyişdirilməsi və xitamın maliyyə nəticələri mediasiyaya verilə bilər. Satınalma qalibinin müəyyənləşdirilməsi, rəqabətin pozulması və müqavilənin etibarsızlığı barədə obyektiv qanunilik mübahisələri məcburi mediasiyadan kənarda qalmalıdır.
Beşinci kateqoriya inzibati orqanın hərəkətsizliyi və öhdəliyin icrası ilə bağlı, faktların tamamlanması və icra üsulu üzrə razılaşma mümkün olan işlərdir. Ərizəyə baxılmaması, sənədin verilməsinin gecikdirilməsi, məhkəmə qərarının icrasının təşkilati səbəblərlə uzanması və faktiki hərəkətin mərhələli yerinə yetirilməsi buna nümunədir. Qanunun tələb etdiyi nəticə dəyişdirilə bilməz, mediasiya icranın qanuni və real yolunu müəyyənləşdirir.
Altıncı kateqoriya kiçik həcmli yerli publik xidmət və əmlak istifadəsi mübahisələridir. Su, tullantı, yerli yol, parklanma, kommunal xidmət, bələdiyyə əmlakından istifadə haqqının hesablanması və qonşuluq təsiri yaradan lokal qərarlar bu qrupa daxil edilə bilər. Üçüncü şəxsin hüququna toxunan işdə həmin şəxs prosesə cəlb edilmədikcə razılaşmaya yol verilməməlidir.
Şəhərsalma və ətraf mühit işlərində isə ilkin mərhələdə məcburi deyil, hakim və ya inzibati orqan tərəfindən seçilən könüllü çoxtərəfli mediasiya daha münasibdir. Bu işlər texniki razılaşmaya açıq olsa da, geniş ictimai və üçüncü şəxs maraqlarına toxunduğu üçün ikitərəfli məcburi prosedur risklidir.
Normativ hüquqi aktların və ümumi xarakterli inzibati aktların qanuniliyi, seçki və referendum, vətəndaşlıq, lisenziyanın və icazənin qanunda birbaşa nəzərdə tutulan imperativ əsaslarla ləğvi, vergi və gömrük öhdəliyinin hüquqi əsasının müəyyən edilməsi, çoxsaylı üçüncü şəxslərin hüquqlarına təsir edən şəhərsalma və ekoloji aktlar məcburi mediasiyanın predmeti olmamalıdır.
Təcili təminat tədbiri tələb olunan işlərdə də mediasiya məhkəməyə müraciəti gecikdirməməlidir. Şəxs mediasiya davam edərkən müvəqqəti xarakterli müdafiə barədə məhkəməyə müraciət edə bilməlidir.
Təklif olunan modeldə ilkin sessiya şəxs üçün ödənişsiz olmalı, xərclər inzibati orqanın büdcəsindən mərkəzləşdirilmiş qaydada qarşılanmalıdır [18]. Əks halda məcburi prosedur məhkəməyə çıxış üçün əlavə maliyyə maneəsinə çevrilər. Mediasiyaya müraciət iddia müddətinin axımını dayandırmalı və ya kəsməli, proses bitdikdən sonra şəxsə iddia hazırlamaq üçün ən azı otuz günlük real müddət qalmalıdır. Proses, tərəflərin birgə razılığı ilə uzadılmadıqda, otuz gün ərzində tamamlanmalıdır.
İnzibati orqan mediasiyaya formal nümayəndə deyil, mübahisənin predmeti üzrə qərar vermək və qanun daxilində razılaşmaq səlahiyyəti olan şəxs göndərməlidir. Nümayəndənin mandatı yazılı olmalı, maliyyə öhdəliyinin yuxarı həddi və yeni inzibati akt qəbul etmək üçün tələb olunan daxili təsdiqlər əvvəlcədən müəyyən edilməlidir. Mediator inzibati hüquq üzrə xüsusi hazırlıq keçməli, publik maliyyə, maraqlar toqquşması, diskresion səlahiyyət, əsaslandırma və üçüncü şəxslərin hüquqları barədə biliklərini təsdiq etməlidir.
Razılaşma yazılı və əsaslandırılmış olmalıdır. Sənəddə mübahisənin predmeti, müəyyən edilmiş faktlar, hüquqi əsas, tərəflərin öhdəlikləri, icra müddəti, maliyyə mənbəyi, üçüncü şəxslərin hüquqlarının yoxlanılması və razılaşmanın icra üsulu göstərilməlidir. Razılaşma inzibati aktın qəbulunu tələb edirsə, icraedici nəticə həmin aktın qanuni qaydada qəbulundan sonra yaranmalıdır. Məhkəmədə olan iş üzrə razılaşma İnzibati Prosessual Məcəllənin 66-cı maddəsinə uyğun məhkəmə təsdiqindən keçməlidir [5].
Konfidensiallıq danışıqlara şamil edilməli, lakin qanunsuzluğun gizlədilməsinə xidmət etməməlidir. Cinayət əlaməti, korrupsiya, şəxsin fiziki və psixoloji toxunulmazlığına ciddi təhlükə və razılaşmanın icrası üçün zəruri məlumatlar üzrə qanuni istisnalar göstərilməlidir. Publik vəsaitlə bağlı razılaşmalar auditə açıq olmalı, hər il işlərin sayı, predmetləri, orta müddəti, razılaşma faizi, icra göstəricisi və məhkəməyə keçən işlərin sayı anonimləşdirilmiş formada dərc edilməlidir.
İnzibati mediasiyanın işlək olması üçün yalnız “Mediasiya haqqında” Qanuna inzibati mübahisələr üzrə ilkin sessiya barədə bir cümlə əlavə etmək yetərli deyil. Dəyişikliklər “Mediasiya haqqında” Qanun, İnzibati Prosessual Məcəllə, “İnzibati icraat haqqında” Qanun və publik maliyyə nəzarəti aktları arasında əlaqəli şəkildə aparılmalıdır.
“Mediasiya haqqında” Qanuna “inzibati mediasiya” anlayışının əlavə edilməsi, inzibati orqanın yalnız səlahiyyəti və mübahisənin predmeti üzrə sərəncam hüququ daxilində razılaşa bilməsinin göstərilməsi, ixtisaslaşmış inzibati mediatorların reyestrinin yaradılması məqsədəuyğundur. Qanunda pilot mərhələdə məcburi ilkin sessiyaya aid qapalı mübahisə siyahısı, istisnalar, xərc qaydası və maksimum müddət müəyyən edilməlidir.
İnzibati Prosessual Məcəllədə məcburi mediasiya sənədinin iddiaya əlavə olunması qaydası nəzərdə tutula bilər. Lakin sənəd olmadıqda iddianın dərhal geri qaytarılması əvəzinə Fransa modelinə bənzər şəkildə işin mediatora göndərilməsi və ilkin müraciət tarixinin qorunması daha ədalətli olar. Məcəllə müvəqqəti xarakterli müdafiə tədbirinə mediasiyadan əvvəl və proses zamanı müraciəti açıq şəkildə saxlamalıdır. Hakim işin mediasiyaya yararlı olduğunu gördükdə tərəflərə mediasiyanı təklif edə, razılıq olduqda icraatı dayandıra bilməlidir.
“İnzibati icraat haqqında” Qanunda mediasiyanın inzibati şikayətlə əlaqəsi, mediasiyada əldə edilmiş razılaşmanın yeni inzibati aktın məzmununa daxil edilməsi, səlahiyyətli nümayəndənin statusu və əsaslandırma tələbi müəyyən edilməlidir. İnzibati orqan razılaşmadan imtina etdikdə bunu səlahiyyət, qanunilik, üçüncü şəxsin hüququ və ya konkret ictimai maraq əsası ilə yazılı şəkildə izah etməlidir. Sadəcə “məqsədəuyğun hesab edilmədi” kimi ümumi ifadə mediasiyanın formal prosedura çevrilməsinə səbəb olar.
Pilot layihənin nəticələri yalnız razılaşma faizi ilə ölçülməməlidir. İcra olunmuş razılaşmaların faizi, işin orta müddəti və xərci, tərəflərin prosedur ədaləti barədə qiymətləndirməsi, təkrar mübahisələrin sayı, mediasiyadan sonra verilmiş məhkəmə iddiaları və həmin işlərdə məhkəmənin nəticəsi birlikdə təhlil edilməlidir. Məhkəmə iş yükünün azalması faydalı nəticə ola bilər, lakin sistemin əsas meyarı şəxsin hüququnun daha tez, qanuni və icra edilən formada müdafiəsidir.
Azərbaycan qanunvericiliyi inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrdə mediasiyanı artıq prinsip etibarilə tanıyır. “Mediasiya haqqında” Qanunun 3.1.4-cü maddəsi, İnzibati Prosessual Məcəllənin barışıq sazişi və iddiaçının tələbinin inzibati orqan tərəfindən təmin edilməsi barədə 66-67-ci maddələri bu istiqamətdə hüquqi baza yaradır. Lakin inzibati orqanın razılıq və nümayəndəlik səlahiyyətinin, razılaşmanın qanunilik yoxlamasının, publik maliyyə məsuliyyətinin və mediasiya nəticəsinin inzibati akta çevrilməsinin ayrıca tənzimlənməməsi praktiki tətbiqi zəiflədir.
İnzibati mediasiyanın əsas tətbiq sahəsi tərəflərin mübahisə predmeti barədə qanun daxilində sərəncam verə bildiyi fərdi, subyektiv və əsasən pul tələbi ilə bağlı mübahisələr olmalıdır. Zərərin ödənilməsi, sosial ödənişlərin hesablanması, dövlət qulluqçularının müəyyən pul və iş şəraiti tələbləri, publik müqavilələrin icrası, lokal publik xidmətlər, inzibati hərəkətsizlik və öhdəliyin texniki icrası bu baxımdan daha əlverişlidir. Normativ aktların, seçki və referendum qərarlarının, imperativ vergi və gömrük öhdəliklərinin, ağır intizam və təhlükəsizlik tədbirlərinin qanuniliyi, habelə geniş üçüncü şəxs maraqlarına təsir edən işlər məcburi mediasiyadan kənarda saxlanmalıdır.
Müqayisəli təhlil göstərir ki, Fransa müəyyən dövlət qulluğu və sosial mübahisələr üzrə həqiqi məcburi ilkin mediasiya tətbiq edir. İngiltərə və Uelsdə xüsusi təhsil işləri üzrə əsas məcburiyyət mediasiya barədə məlumat almaq və sertifikat əldə etməkdir, Almaniya və İsveçrədə isə proses ümumi qaydada könüllüdür.
Təklif olunan sistemdə ilkin sessiya şəxs üçün ödənişsiz olmalı, iddia müddəti qorunmalı, təcili məhkəmə müdafiəsi açıq saxlanmalı, inzibati orqanın nümayəndəsi real qərar səlahiyyətinə malik olmalı və razılaşma qanunilik, ictimai maraq, üçüncü şəxslərin hüquqları və publik maliyyə baxımından yoxlanılmalıdır. Bu şərtlərlə mediasiya məhkəmə nəzarətinin alternativi deyil, onunla yanaşı fəaliyyət göstərən, hüququn daha erkən və faktiki həyata keçirilməsinə xidmət edən hüquqi müdafiə vasitəsi ola bilər.
İstifadə edilmiş ədəbiyyat
1. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunu, 29 mart 2019-cu il, № 1555-VQ. URL: https://e-qanun.az/framework/41828 (son müraciət: 14.09.2026).
2. Council of Europe, Committee of Ministers. Recommendation Rec(2001)9 on alternatives to litigation between administrative authorities and private parties, 5 September 2001. URL: https://rm.coe.int/16805e2b59 (last access: 14.09.2026).
3. Erkal, A. “Türk, Alman ve İsviçre İdare Hukukunda Arabuluculuk.” Akdeniz Üniversitesi Hukuk Fakültesi Dergisi, c. 12, № 1, 2022, s. 39-66. DOI: 10.54704/akdhfd.1053114.
4. European Commission for the Efficiency of Justice. Promoting mediation to resolve administrative disputes in Council of Europe member states. CEPEJ(2022)11, 7 December 2022. URL: https://rm.coe.int/cepej-2022-11-promoting-administrative-mediation-en-adopted/1680a95692 (last access: 14.09.2026).
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi, 30 iyun 2009-cu il, № 846-IIIQ. URL: https://frameworks.e-qanun.az/0/c_c_20.html (son müraciət: 14.09.2026).
6. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu, 21 oktyabr 2005-ci il, № 1036-IIQ. URL: https://frameworks.e-qanun.az/11/c_f_11254.html (son müraciət: 14.09.2026).
7. Yıldız, H. “Arabuluculuğun İdari Uyuşmazlıklarda Uygulanabilirliği Üzerine Bir Değerlendirme.” Adalet Dergisi, № 75, 2025, s. 245-262. DOI: 10.57083/adaletdergisi.1799408.
8. République française. Code de justice administrative. URL: https://www.legifrance.gouv.fr/codes/section_lc/LEGITEXT000006070933/LEGISCTA000033424088/ (dernière consultation: 14.09.2026).
9. République française. Décret n° 2022-433 du 25 mars 2022 relatif à la procédure de médiation préalable obligatoire applicable à certains litiges de la fonction publique et à certains litiges sociaux. URL: https://www.legifrance.gouv.fr/loda/id/JORFTEXT000045412363/ (dernière consultation: 14.09.2026).
10. Bundesrepublik Deutschland. Verwaltungsgerichtsordnung. URL: https://www.gesetze-im-internet.de/vwgo/ (letzter Zugriff: 14.09.2026).
11. Bundesrepublik Deutschland. Zivilprozessordnung. Mediationsgesetz vom 21. Juli 2012. URL: https://www.gesetze-im-internet.de/zpo/ (letzter Zugriff: 14.09.2026).
12. Schweizerische Eidgenossenschaft. Bundesgesetz über das Verwaltungsverfahren. URL: https://www.fedlex.admin.ch/eli/cc/1969/737_757_755/de (letzter Zugriff: 14.09.2026).
13. United Kingdom. Children and Families Act 2014. URL: https://www.legislation.gov.uk/ukpga/2014/6/section/55 (last access: 14.09.2026).
14. Council of Europe. Türkiye’de İdari Yargıda Alternatif Uyuşmazlık Çözümü ve Diğer Yargı Yetkisi Alanlarından Edinilen Bilgiler. İdari Yargının Etkinliğinin Artırılması və Danıştayın Kurumsal Kapasitesinin Güçlendirilmesi Projesi, may 2023.
15. Engin, M. Fransa İdari Yargısında Uygulanan Alternatif Uyuşmazlık Çözüm Yolları Kapsamında Türk İdari Yargı Sistemimiz İçin Geliştirilen Alternatif Uyuşmazlık Çözüm Yolları Önerileri. Ankara: Adalet Bakanlığı Hukuk İşleri Genel Müdürlüğü, fevral 2023.
16. Arat, N. Türk İdare Hukuku’nda Alternatif Uyuşmazlık Çözüm Yolları. İstanbul Üniversitesi Sosyal Bilimler Enstitüsü, yayımlanmamış doktorluq dissertasiyası, 2009.
17. Boussard, S.; Salem, K. State of play of the practice of mediation to settle administrative disputes in the Council of Europe member States. CEPEJ-GT-QUAL(2022)1rev, 2022.
18. European Commission for the Efficiency of Justice. Guidelines for a better implementation of the existing Recommendation on alternatives to litigation between administrative authorities and private parties. CEPEJ(2007)15E, 7 December 2007. URL: https://rm.coe.int/1680747683 (last access: 14.09.2026).
19. Commonwealth of Australia. Administrative Review Tribunal Act 2024, ss. 87-90. URL: https://www.legislation.gov.au/C2024A00040/latest/text (last access: 14.09.2026).
20. Kingdom of Norway. Act relating to mediation and procedure in civil disputes. URL: https://lovdata.no/NLE/lov/2005-06-17-90 (last access: 14.09.2026)
Sübhan Əliyev
Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ” kafedrasının professoru, hüquq elmləri doktoru