Vaxta və pula qənaət: Mübahisələrinizi mediasiya yolu ilə həll edin! - Günel Əliyeva


  • 14:47

"Vətəndaşlar mediasiya müraciət etməklə əlavə xərcdən xilas olurlar".

Bunu e-huquq.az-a açıqlamasında Bakı 8 saylı Mediasiya Təşkilatının mediatoru Günel Əliyeva deyib.

Onun sözlərinə görə, mediasiya prossesi zamanı ən çox verilən suallardan biri də mediasiyada xərclərin məbləği və ya bu xərcin ödənilməsinin hansı tərəfin üzərinə düşməsidir.

G.Əliyeva deyib ki, "Mediasiya haqqında" qanunun tələblərinə əsasən, Azərbaycanda mediasiya prosesi icbari və könüllü formada həyata keçirilə bilər. Qanuna uyğun olaraq ailə və əmək mübahisələrindən irəli gələn məsələlər üzrə mediasiya icbari xarakter daşıdığından, vətəndaşlar məhkəmədən öncə mütləq şəkildə mübahisənin aidiyyəti üzrə aid olduğu, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət etməlidirlər. Eyni zamanda "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən, ailə, əmək, mülki və kommersiya mübahisəsi üzrə tərəflər öz aralarında mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamaqla və mediasiya prosesi ilə əlaqədar mediasiya xərclərinin ödənilməsi şərtlərini və qaydasını müəyyən etməklə, könüllü qaydada ölkə üzrə istənilən mediasiya təşkilatına müraciət edə bilərlər.

Mediator bildirib ki, mediasiya təşkilatlarında vətəndaşlara mediasiya xərcinin ödənilməsinin onların hüquq və vəzifələrinə aid edildiyi izah edilir: "Eyni zamanda vətəndaşlara ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyası xərcinin 50 manat təşkil etdiyi, habelə ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt - kargüzarlıq və digər cari xərclərin məbləğinin isə 10 manatdan çox olmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 308 nömrəli 15 iyul 2019-cu il tarixli qararı ilə müəyyən edildiyi barədə ətraflı məlumat verilir".

G.Əliyeva qeyd edib ki, ilkin mediasiya sessiyası xərci təşkil edən 50 manat vəsait dövlət rüsumu ilə əvəzləşən məbləğdir: "Belə ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1-1.-ci maddəsinə əsasən, məhkəməyə müraciət edərkən mediasiya xərclərini ödəmiş tərəf, çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məsələn, əgər nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən tərəf 100 manat dövlət rüsumu ödəməlidirsə o, ilkin mediasiya sessiyasında artıq 50 manat ödədiyindən, məhkəmə üçün yalnız 50 manat dövlət rüsumu ödəmiş olur. Bu hal onu göstərir ki, vətəndaşlar mediasiya müraciət etməklə heç nə uduzmur və əlavə xərcə düşmürlər. Əksinə ailə, əmək, mülki və kommersiya mübahisəsi üzrə tərəflər informativ xarakter daşıyan ilkin mediasiya sessiyasından tam mediasiya sessiyasına keçdikdə və tərəflər arasında barışıq sazişi bağlandıqda, onlar vaxt itkisinə qənaət etmiş olurlar, əlavə xərclərdən azad olurlar, mübahisələrinin konfidensial şəraitdə öz aralarında həll olunmasına və üzərlərinə götürdükləri qarşılıqlı öhdəliklərinin könüllü şəkildə icra olunmasına nail olurlar".

G.Əliyeva hesab edir ki, mediasiya dəyərli bir alətdir: "Bu vasitə ilə insanlara mübahisələrini məhkəmədən kənar qaydada sülh yolu ilə həll tapmaqda yardımçı olmaq, böyük məsuliyyətdir. Hər kəsi bu prosesə daha çox inanmağa çağırıram. Tərəfləri barışığın ünvanı olan Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etməyə dəvət edirəm".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər