2 saylı Mediasiya Təşkilatının xidmətə uyğunluğu üzrə monitorinq keçirildi


  • 26 Dekabr 2021 11:27

Mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiya tərəfindən həyata keçirilən monitorinqlər davam etdirilir.

Məlum olduğu kimi, Mediasiya Şurası İdarə Heyətinin 21.12.2021-ci il tarixlı qərarı ilə, yeni yaradılmış mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi və onların gələcək fəaliyyətlərinin zəruri monitorinqinin həyata keçirilməsi üçün Xüsusi Komisiya yaradılıb.

E-huquq.az xəbər verir ki, 9 nəfərdən ibarət Komissiya yaradıldığı ilk gündən fəaliyyətə başlayıb.

25.12.2021-ci il tarixdə Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri Esmira Hüseynova, Mayıl Əhməd, Elçin Həsənov, Anar İsayev Bakı şəhəri, Xan Şuşinski küçəsi 158 ünvanında yerləşən 2 saylı Mediasiya Təşkilatında olmaqla, təşkilatın yerləşdiyi 250 kv. m. sahədən ibarət olan qeyri-yaşayış binası ilə tanış olub, o cümlədən mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitin monitorinqini həyata keçiriblər.

2 saylı Mediasiya Təşkilatının təsisçisi İlhamə Həsənova təşkilatda fəaliyyət göstərəcək mediatorlara müraciət edən vətəndaşlar və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış işgüzar şəraitlə bağlı, o cümlədən təşkilatda kargüzarlıq işinin qanunvericiliyin tələbinə uyğun qurulması barədə Komissiya üzvlərinə geniş məlumat verib.

O, gələcəkdə təşkilatın sahəsin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib.

Xüsusi Komissiyanın üzvləri təşkilatın yerləşdiyi qeyri-yaşayış sahəsində mediasiya prosesləri zamanı mediatorlarla vətəndaşların görüşləri üçün yaradılmış, xüsusi dizaynla təmir edilmiş, zəruri mebellə təchiz edilmiş otaqların şəraiti ilə bilavasitə tanış olublar.

Komissiya tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərlə əlaqədar şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı təşkilatın təsisçisi İlhamə Həsənovaya müvafiq tövsiyyələr verilib.

Sonda Komissiya tərəfindən təşkilatın ofisinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılıb və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunub.

Oxşar xəbərlər