"Mediasiya üçün sərf olunan vaxt ərzində iddia qaldırmaq üçün tələb olunan müddət dayandırılır"


  • 27 Dekabr 2021 17:05

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanununa görə isə artıq əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət edilməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak edilməlidir. Bəs, işçi məhkəməyə müraciət üçün nəzərdə tutulan 1 ay müddəti mediasiya prosesinə sərf edərsə və barışıq sazişi əldə olunmazsa, bu halda onun məhkəməyə müraciət imkanı məhdudlaşırmı?

Mediasiya Şurasının Müşahidə Şurasının üzvü Ruslan Mirzəyev mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında bildirib ki, mediasiya prosesinə sərf olunan müddət ərzində məhkəməyə müraciət üçün tələb müddət dayandırılır. Yəni mediasiya prosesi başladığı andan gerisayım dayandırılır.

"İşçi mediasiyaya müraciət etdikdə müddət dayanır. Mediasiya prosesinə xitam verildikdən sonra müddət qaldığı yerdən davam edir. Tutaq ki, işçinin məhkəməyə müraciət üçün 1 ay vaxtı var. O həmin vaxtın 5 gününü qarşı tərəflə danışıqlara sərf edir. Nəticə əldə olunmur. Sonra mediasiyaya müraciət edir və burada mediator tərəflər arasında barışıq əldə olunmasına çalışır. Mediasiyada 1 həftə vaxt sərf olunur. Lakin burada sərf olunan həmin 1 həftə məhkəməyə müraciət üçün qoyulan 1 aylıq müddətdən çıxılmır. Mediasiya prosesinə xitam verildikdən sonra gerisayım mediasiyadan əvvəl dayandığı yerdən başlayır", - deyə R.Mirzəyev qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər