- 12 Mart 14:47
Avropa İttifaqının maliyyə dəstəyi, Niderland Biznes Akademiyasının təşkilatçılığı ilə keçirilən Erasmus+ MEDIATS – “Mediasiya: təlim və cəmiyyətin transformasiyası” layihəsinin fəaliyyət planına uyğun olaraq, yanvarın 24-dən Ukraynanın Kiyev şəhərindəki KROK Universitetində beynəlxalq konfrans işə başlayıb.
E-huquq.az xəbər verir ki, yanvarın 26-na kimi davam edəcək 3 günlük tədbirin məqsədi Hollandiya, İspaniya, Latviya, Ukrayna, Azərbaycan və digər ölkələrin ali təhsil müəssisələri arasında mediasiyanın tətbiqi, tədrisi və inkişafı üzrə təcrübə mübadiləsinin aparılmasıdır.
Tədbirin açılış günündə 10-dan artıq ali təhsil müəssisəsinin nümayəndəsi çxış edərək, mediasiyanın əsasları, akademik səviyyədə təhqiqi və tədrisi, cəmiyyətə faydaları və s. mövzuda aktual məsələlərə toxunub, mübahisələrin alternativ həll yolu kimi mediasiyanın cəmiyyətdə rolunun möhkəmləndirilməsi üçün pratik təkliflər səsləndiriblər.
Beynəlxalq tədbirdə Mediasiya Şurasının İxtisas Komissiyasının sədri Qasım Şaliyev “Azərbaycanda mediasiyanın inkişafı” mövzusunda təqdimatla çıxış edərək, ölkəmizdə mediasiya institutunun yaranması və inkişaf mərhələləri barədə konfrans iştirakçılarına məlumat verib.
Konfransın ikinci günündə Niderland Biznes Akademiyasının rektoru, professor Jan van Zvieten qeyd olunan layihə çərçivəsində Xəzər Universiteti və Gəncə Dövlət Universitetinə mediasiyanın tədris metodologiyası və koordinasiya dəstəyi göstərdiyi üçün və Azərbaycanda Respublikasında mediasiyanın inkişafına verdiyi xüsusi töhfəyə görə Mediasiya Şurasının Fəxri Diplomu ilə təltif edilib.
Qeyd edək ki, MEDIATS – “Mediasiya: təlim və cəmiyyətin transformasiyası” layihəsində ölkəmizin iki ali təhsil müəssisəsi Xəzər Universiteti və Gəncə Dövlət Universiteti iştirak edir. Layihənin icrası üzrə 2020-ci ildən etibarən Xəzər Universitetində Mediasiya (MBA) ixtisası üzrə tələbə qəbuluna başlanılıb.