- 12 Mart 14:47
"Cənab Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin əsas məqsədi hüquq sisteminin müasir dövrün tələblərinə cavab verən inkişafına nail olmaqdır".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Mediasiya Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə çıxış edərkən deyib.
Kollegiya sədri Mediasiya Şurasının yaradılmasının və mediasiya fəaliyyətinin həyata keçirilməsinin məhz bu istiqamətdə görülmüş mühüm addım kimi qiymətləndirildiyini vurğulayıb.
S. Hacıyev görüşün keçirilməsində əsas məqsədin mediasiya sahəsində fəaliyyətin təmin olunması üzrə mövcud problemlərin və maraq kəsb edən digər məsələlərin müzakirəsinin aparılması, habelə mediasiya qurumları ilə məhkəmələrin qarşılıqlı fəaliyyəti üzrə zəruri koordinasiyasının həyata keçirilməsindən ibarət olduğunu qeyd edib.