- 12 Mart 14:47
Fevralın 10-da Mediasiya Şurasının Xüsusi Komissiyasının onlayn iclası keçirilib.
Bu barədə e-huquq.az-a Komissiyanın sədri Bəylər Məmişov məlumat verib.
O bildirib ki, iclasda Xüsusi Komissiyanın üzvləri, Mediasiya Şurasının İntizam Komissiyasının üzvləri və mediasiya təşkilatlarının rəhbərləri iştirak ediblər.
“Mediasiya təşkilatlarının rəhbərləri ötən bir ay ərzində təşkilatlarda mediasiya fəaliyyətinin təşkili, iş bölgüsü, vətəndaş müraciətlərinin statistikası, o cümlədən ödənilən mediasiya xərclərinin qəbulu və təyinatının şəffaflığı barədə geniş məlumat verdilər. Komissiya üzvlərini maraqlandıran suallar cavablandırıldı. Sonda mediasiya təşkilatlarının fəaliyyəti ilə hesabat hazırlanaraq Mediasiya Şurasının İdarə Heyətinə təqdim olundu”, - deyə Komissiya sədri qeyd edib.
B.Məmişovun sözlərinə görə, Mediasiya Təşkilatlarının fəaliyyəti davamlı olaraq monitorinq ediləcək və qiymətləndiriləcək: “Burada əsas məqsəd ölkədə aparılan mediasiya islahatlarının sağlam formada inkişafını və vətəndaş məmnunluğunu təmin etməkdir. Vətəndaşları da bu işdə bizə dəstək olmağa çağırırıq. Onlar mediasiya təşkilatları və mediatorlarla bağlı bütün fikirlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər”.
Qeyd edək ki, hazırda Bakı şəhərində 6, Gəncədə isə 1 mediasiya təşkilatı fəaliyyət göstərir. Bakı, Gəncə, Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonu üzrə qanunla nəzərdə tutulan məcburi mediasiya sessiyaları yalnız həmin regionlarda yaradılmış mediasiya təşkilatlarında fəaliyyət göstərən mediatorlar tərəfindən həyata keçirilir.