- 12 Mart 14:47
"Mediasiya institutu cəmiyyətdə loyallığın artırılmasına xidmət edən bir təsisatdır. Artıq Azərbaycanda mediasiya institutunun faydasını görürük".
E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problem və perspektivlər" mövzusunda ictimai müzakirədə deyib.
O bildirib ki, mediasiya institutu Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına da öz töhfəsini verəcək.
"Çünki mediasiya institunun yaradılmasında məqsəd həm də mübahisələrin həllinə fərqli bir mədəniyyətin gətirilməsi idi. Ümumiyyətlə, Azərbaycanda iqtisadi və hüquqi islahatlar paralel həyata keçirilir. 2018-ci ildən başlayaraq cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatların keyfiyyətcə yeni mərhələsində biz bunu müşahidə edirik.
Hesab edirəm ki, mediasiya institutunun fəaliyyəti biznesdə izafi maliyyə xərclərinin azalması üçün şərait yaradacaq. Digər tərəfdən bu institut mübahisə kimi mənfi təzahürdən, əməkdaşlıq kimi müsbət təzahürə çevrilmək imkanı yaradır. Effektiv mediasiya prosesində tərəflər arasında razılığın əldə edilməsi gələcəkdə əməkdaşlıq imkanlarının saxlanılması və inkişaf etdirilməsi perspektivini vəd edir. Dünya təcrübəsində də bu perkspektivin reallığa çevrilməsi halları heç də az deyil", - deyə Ə. Hüseynli qeyd edib.
Xəyalə Bünyatova