"Sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrin mediasiya yolu ilə həlli istiqamətində bir sıra tədbirlər görülüb"


  • 14 Mart 2022 12:37

"Məhkəmə-hüquq sahəsində həyata keçirilən tədbirlər, eyni zamanda mediasiya institutunun formalaşdırılması ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına və onun nəticəsi olaraq ölkədə investisiya və biznes mühitinin yaxşılaşmasına xidmət göstərəcək əhəmiyyətli addım kimi qiymətləndirilir".

E-huquq.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problem və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, KOBİA-nın fəaliyyət istiqamətlərindən biri də kiçik və orta biznes subyektlərinin qanuni maraqlarının müdafiəsidir: "Sahibkarlıq subyektlərindən agentliyə daxil olan müraciətlər diqqət mərkəzində saxlanılır, sahibkarların problemləri araşdırılır. Sahibkarların fəaliyyəti ilə əlaqədar yarana biləcək mübahisələrin mediasiya yolu ilə həlli istiqamətində bir sıra tədbirlər görülüb. Sahibkarlıq subyektləri arasında yaranmış kommersiya mübahisələrinin həlli istiqamətində, eləcə də dövlət-sahibkar əməkdaşlıq platforması çərçivəsində üçtərəfli görüşlər təşkil edilib. 300-dən çox müraciət üzrə sahibkarların pozulmuş hüquqları bərpa edilib. Bu mübahisələrin mahiyyətinə nəzər yetirdikdə, əsasən icarə, alqı-satqı müqaviləsi şərtlərinin pozulması, müqavilə üzrə iş və xidmətlərin təmin edilməməsi, kreditor öhdəliklərinin yerinə yetirilməməsi kimi məsələləri müşahidə edirik. Müxtəlif dövlət orqanlarının fəaliyyətindən yaranmış mübahisələrə baxdıqda isə əsasən texniki infrastruktura qoşulma, vergi, gömrük, əmlak məsələləri, habelə müvafiq icazələrin verilməməsi ilə bağlı hallarla rastlaşırıq.

KOBİA sədri sahibkarlara çağırış edərək, yaranmış mübahisələri mediasiya yolu ilə həll etməyi məsləhət görüb: "Təəssüflər olsun ki, bir çox hallarda sahibkarlar mediasiya prosesindən məlumatsız olurlar. Məlumdur ki, bəzi hallarda məhkəmə iclasları illərlə uzana bilir, rüsum, ekspertiza və digər hərəkətlərə əlavə vəsaitlər sərf edilir. Bəzən isə qəbul edilmiş məhkəmə qərarlarının icrasını tam və ya qismən təmin etmək olmur. Əlavə olaraq, açıq məhkəmə iclaslarında kommersiya sirrinin yayılması, şirkətin nüfuzuna xələl gəlmə ehtimalı ola bilər. Ancaq məhkəmə prosesindən fərqli olaraq mediasiyada vaxt və resursa qənaət edilir. Burada udan və ya uduzan tərəf olmur. Bu, yalnız tərəflərin razılaşma öhdəliklərini özündə ehtiva edir. Eyni zamanda tərəflər mediatorun dəstəyi ilə qərarları özləri qəbul edir ki, bu hal qərarların icrasını daha da asanlaşdırır. Qəbul edilmiş qərarlar tərəflər arasında əməkdaşlığa da təkan verir".

Xəyalə Bünyatova

Oxşar xəbərlər