Orxan Məmmədov sahibkarları mübahisələrini məhkəmədə deyil, mediasiyada həll etməyə çağırdı


  • 14 Mart 2022 14:31

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara çağırış edərək, yaranmış mübahisələri mediasiya yolu ilə həll etməyi tövsiyə edib.

E-huquq.az-ın məlumatına görə O.Məmmədov "Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problem və perspektivlər" mövzusunda keçirilən ictimai müzakirədə mediasiyanın sahibkarlar üçün üstünlüklərindən danışıb.

"Təəssüflər olsun ki, bir çox hallarda sahibkarlar mediasiya prosesindən məlumatsız olurlar. Məlumdur ki, bəzi hallarda məhkəmə iclasları illərlə uzana bilir, rüsum, ekspertiza və digər hərəkətlərə əlavə vəsaitlər sərf edilir. Bəzən isə qəbul edilmiş məhkəmə qərarlarının icrasını tam və ya qismən təmin etmək olmur. Əlavə olaraq, açıq məhkəmə iclaslarında kommersiya sirrinin yayılması, şirkətin nüfuzuna xələl gəlmə ehtimalı ola bilər. Ancaq məhkəmə prosesindən fərqli olaraq mediasiyada vaxt və resursa qənaət edilir. Burada udan və ya uduzan tərəf olmur. Bu, yalnız tərəflərin razılaşma öhdəliklərini özündə ehtiva edir. Eyni zamanda tərəflər mediatorun dəstəyi ilə qərarları özləri qəbul edir ki, bu hal qərarların icrasını daha da asanlaşdırır. Qəbul edilmiş qərarlar tərəflər arasında əməkdaşlığa da təkan verir", - deyə KOBİA sədri qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər