Bakıda üç mediasiya təşkilatında monitorinqlər aparılacaq


  • 29 Mart 2022 13:02

Bakı şəhəri üzrə mediasiya təşkilatları siyahısına daxil edilməsi məqsədilə dövlət qeydiyyatına alınmış və Mediasiya Şurasına üzvlük üçün müraciət etmiş 7, 10 və 11 saylı mediasiya təşkilatlarında monitorinq aparılacaq.

Bu barədə e-huquq.az-a Xüsusi Komissiyanın sədri Bəylər Məmişov məlumat verib.

O bildirib ki, monitorinqlər “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiya tərəfindən həyata keçiriləcək.

"Komissiya tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2019-cu il tarixli, 308 saylı qərarı ilə müəyyən edilmiş ödənişlərlə əlaqədar şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı təşkilatı baxış keçiriləcək. Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri - Esmira Hüseynova, Mayıl Əhməd, Elçin Həsənov, Anar İsayev, Şakir Səfərbəyov, Gəray Məmmədtağıyev, Fərhad Mehdiyev, İlham Mehtiyev təşkilatın yerləşdiyi ofis və mediasiya prosesləri zamanı mediatorlarla vətəndaşların görüşləri üçün yaradılmış şəraitlə tanış olacaq", - deyə B.Məmişov qeyd edib.

Sədrin sözlərinə görə, komissiya tərəfindən təşkilatın ofisinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılacaq və təşkilatın Mediasiya Şurasının reyestrinə daxil edilməsi məsələsinin müzakirəsi ilə bağlı rəy tərtib edilərək İdarə Heyətinə təqdim olunacaq: "Qeyd edilən təşkilatların fəaliyyəti yoxlanıldıqdan sonra heç bir nöqsan aşkar edilməsə və qanunvericiliyin tələblərinə uyğun fəaliyyətini qurmuş hesab edilsə, həmin təşkilat da İdarə Heyətinin qərarı ilə mediasiya təşkilatlarının reyesterinə daxil ediləcək".

Oxşar xəbərlər