Mediasiya ilə bağlı tez-tez verilən suallara CAVAB


  • 6 Aprel 2022 09:51

Bakı 2 saylı Mediasiya Təşkilatının hüquqşünası, vəkil köməkçisi Nicat Həsənov mediasiya ilə bağlı tez-tez verilən bəzi suallara aydınlıq gətirib.

E-huquq.az mediasiyaya müraciət etmək istəyənlər üçün faydalı olacaq həmin cavabları təqdim edir:

Tərəflərdən biri ilkin məcburi mediasiya prosesində iştirakdan imtina edir, digər tərəf iştirak edirsə, bu halda prosesin aqibəti necə olur?

- Əgər tərəflər və ya onlardan biri ilkin məcburi mediasiya sesiyasında iştirak etməzsə və ya etməkdən yazılı şəkildə imtina edərsə,onda mediator tərəflərə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı” arayış verir və 3 gün müddətində mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edir.Mediasiya prosesinə xitam verilməsi haqqında protokol mediator tərəfindən tərtib olunaraq imzalandığı tarixdən 1 gün müddətində tərəflərə (nümayəndələrinə) təqdim edilməlidir. Protokola mediasiyaya dair konfidensial məlumatların daxil edilməsinə yol verilmir.

Mediasiya prosesi hansı andan başlanmış sayılır?

- Mediasiya prosesi "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

Ailə münasibətlərindən irəli gələn hansı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər?

- Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr mediasiya vasitəsilə həll oluna bilər:

nikahın davam etdirilməsi şərtləri;valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;

uşağın yaşayış yerinin müəyyən edilməsi;

uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;.

ailə münasibətlərindən irəli gələn digər mübahisələr.

Oxşar xəbərlər