- 12 Mart 14:47
Dövlət başçısının 2019-cu ilin aprelin 3-də imzaladığı məhkəmə fəaliyyəti üçün mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” mütərəqqi Fərmanının qəbulundan sonra həyata keçirilmiş tədbirlər bu yolda istər ədalət mühakiməsinin, istər ədliyyə sisteminin, vəkilliyin və yeni yaranmış olan mediasiya institutunun inkişafında və fəaliyyət keyfiyyətinin yüksəlməsində əhəmiyyətli dəyişikliyə səbəb olmuşdur. Belə ki, Fərmanda xüsusi önəm verilən mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, həmçinin mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi məsələsinin yer alması bu sahənin yaranmasına və bu istiqamətdə tədbirlər planının geniş şəkildə həyata keçirilməsinə şərait yaratdı.
Ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması üzrə Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası olan CEPEJ-in əsas prinsiplərindən biri də məhz məhkəmələrin ənənəvi işinin müəyyən məqamlarına mediasiya üsulunun xüsusən geniş tətbiqi yer tutur. Məhz mediasiyanın da öz sahəsi üzrə peşəkarlar tərəfindən təmsil olunması və onların təqdim etdikləri xidmətlərdən istifadə imkanlarının davamlı və fasiləsiz olması Avropa standartları əsasında təmin edilməsi mühüm prioritetlərdən biridir.
Hazırda ölkəmizdə mediasiya sahəsində qısa zaman ərzində həyata keçirilən və geniş ictimaiyyətə təqdim olunan mütərəqqi tədbirlər də məhz ölkə rəhbərliyinin bu sahənin inkişafına istiqamətlənən tapşırıqlarının tam məsuliyyəti ilə icra olunmasına xidmət edir. Belə ki, 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılmış, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılmış və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilmişdir.
Mediasiya Şurasının ilk üzvü olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası 3 mart 2020-ci il tarixindən mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilmişdir. Bundan sonra mediatorların hazırlanması istiqamətində müvafiq işlər görülmüş, müxtəlif kurs və təlimlər keçirilmişdir.
1 iyul 2021-ci ildən başlayaraq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş və bu tarixdən başlayaraq ölkə ərazisində mediasiya institutu fəaliyyətini tam bərpa etmişdir. Mediasiya institutunun fəaliyyətə başlamasında ilk olaraq mediasiya xidmətinin həyata keçirilməsində mediatorlar iştirak etmişdir.
İlk olaraq Bakı şəhəri üzrə 6 Mediasiya Təşkilatı rəsmi olaraq 2022-ci ilin yanvar ayında Mediasiya Şurasına üzvlüyə qəbul edilərək fəaliyyətə başlamışlar. Bundan sonra Bakı şəhəri üzrə bir neçə, o cümlədən regionlarda Mediasiya Təşkilatları yaradılmış və üzvlüyə qəbul edilərək mediasiya fəaliyyətini həyata keçirməyə başlamışlar. Hazırda Bakı şəhərində Mediasiya Şurasının üzvü olan 12, regionlarda isə 3 (Naxçıvan, Gəncə və Lənkəran) Mediasiya Təşkilatı fəaliyyət göstərir.
Təşkilatların mediasiya institutunun inkişafında rolu əhəmiyyətlidir. Belə ki, fərdi mediator xidmətindən fərqli olaraq Təşkilatın iş bölgüsü, nəzarət mexanizmi, davranış, yayım üstünlüyü, vətəndaş məmunluğu, korporativ əməkdaşlıq və digər hallar nəzərə alınmaqla bir çox üstünlükləri var. Məhz bu üstünlüklər sayəsində mediasiya institutunun bir ildən az fəaliyyətdə olmasına baxmayaraq Təşkilatlar bir sıra uğurlar əldə etmişlər.
2022-ci ilin yanvar ayından fəaliyyətə başlayan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 78 B ünvanında yerləşən Bakı 3 saylı Mediasiya Təşkilatı da öz fəaliyyəti daxilində Mediasiya Şurasının müvafiq tapşırıqları əsasında qarşıya qoyulmuş məqsədə nail olunmasında bir sıra mühüm təşkilati tədbirlər həyata keçirmişdir. Hazırda təşkilatda 8 mediator fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddət ərzində təşkilata 1150 müraciət daxil olmuş, müraciətlər üzrə qanunamüvafiq ilkin və tam mediasiya sesiyaları keçirilmiş, qeyd olunan mübahisələr üzrə bir sıra barışıq sazişləri təsdiq olunmuşdur.
Təşkilat “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə, əmək və kommersiya işləri üzrə müvafiq yüksək keyfiyyətli xidmətlər göstərməkdə davam edir.
Paşa Səfərov
Bakı 3 saylı Mediasiya Təşkilatının direktoru