- 12 Mart 14:47
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva mediasiya institutunun inkişafı ilə bağlı təkliflərini açıqlayıb.
E-huquq.az-ın məlumatına görə, Ombudsman hesab edir ki, mediasiya sahəsində xarici ölkələrin təcrübəsi təhlil edilməklə, eləcə də ölkəmizin hüquq sistemi, cəmiyyətin hüquq düşüncəsi və ənənələri nəzərə alınmaqla mediasiya institutunun davamlı təkmilləşdirilməsi məqsədəmüvafiqdir: "Məsələn, mediasiya məhkəmə qərarlarının icrası prosesində də kifayət qədər effektiv ola bilər. Bununla yanaşı, mediasiya institutunun bu və ya digər formada təhsil sistemində tətbiqi də əhəmiyyətli ola bilər. Belə ki, digər ölkələrin təcrübəsində “məktəb mediasiyası”nın tətbiqi diqqət çəkən məqamlardandır. Hesab edirəm ki, bu praktikanın öyrənilməsi və hər hansı formada ölkəmizdə tətbiqi şagirdlər, müəllimlər arasında, eləcə də müəllim-şagird münasibətlərində, yarana biləcək mübahisələrin, eləcə də bullinq probleminin effektiv həllində öz töhfəsini verə bilər".
Onun sözlərinə görə, digər bir müsbət təcrübə penitensiar müəssisələrdə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin cəza çəkdiyi müəssisələrdə mediasiya institutunun tətbiqi ilə bağlı ola bilər: "Bu təcrübə bir sıra Avropa ölkələrində, eləcə də ABŞ-da tətbiq olunmaqdadır".
Mənbə: Trend