Bakı, Şəki və Cəbrayıl şəhəri üzrə mediasiya təşkilatlarında monitorinq aparılacaq


  • 29 İyun 2022 18:39

Dövlət qeydiyyatına alınmış və Mediasiya Şurasına üzvlük üçün müraciət etmiş Cəbrayıl 1 saylı mediasiya təşkilatında, Şəki 1 saylı mediasiya təşkilatında, Bakı 14 saylı mediasiya təşkilatında və Bakı 16 saylı mediasiya təşkilatında Xüsusi Komissiya tərəfindən monitorinq aparılacaq.

Mediasiya Şurasından e-huquq.az-a verilən məlumata görə, 29 iyun tarixində zoom platforması vasitəsilə onlayn şəkildə keçirilməyi planlaşdırılan monitorinqlər “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiya tərəfindən həyata keçiriləcək.

Monitorinq zamanı təşkilatın yerləşdiyi ofis və mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şərait Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvlər – Esmira Hüseynova, Mayıl Əhməd, Elçin Həsənov, Anar İsayev, Şakir Səfərbəyov, Gəray Məmmədtağıyev, Fərhad Mehdiyev, İlham Mehtiyev tərəfindən videoqəbul və videomüşahidə vasitəsilə araşdırılacaq.

Qeyd edilən təşkilatlar üzrə keçirilən monitorinq nəticəsində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3-cü maddəsinin tələbinə uyğunluğu yoxlanılacaq və Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi məsələsinin müzakirəsi ilə bağlı İdarə Heyətinə təqdim olunması üçün rəy tərtib olunacaq.

Oxşar xəbərlər