11 mediator Mediasiya Şurasının üzvlüyündən xaric edildi


  • 5 İyul 2022 17:50

Mediasiya Şurasının İntizam Komissiyasının iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclasda şuraya daxil olan şikayətlər və keçirilmiş monitorinq əsasında başlanılan intizam icraatları müzakirə edilib.

İclasda İntizam Komissiyasının sədri Sima Yaqubova, üzvləri - Bəylər Məmişov, Mayıl Əhməd, Tünzalə Hacıyeva, Gülşən Salmanova, İntizam Komissiyasının katibi Kamil Lətifov və barələrində intizam icraatı aparılan 11 mediator iştirak edib.

Hər bir mediator ayrı-ayrılıqda dinlənilərək, barələrində başlanılan intizam araşdırılması müzakirə edilib və İntizam Komissiyasının rəyi ilə bağlı məlumat verilib.

Daha sonra İntizam Komissiyasının müvafiq rəyləri qərar qəbul edilməsi üçün Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.

İdarə Heyətinin qərarına əsasən, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin 16.2.1-ci bəndinə əsasən 1 mediator üzərində xəbərdarlıq-intizam məsuliyyəti tətbiq olunub, Qanunun 16-cı maddəsinin 16.2.2-ci bəndinə əsasən 1 mediatorun üzərində töhmət-intizam məsuliyyəti tətbiq olunub, Qanunun 16-cı maddəsinin 16.2.3-cü bəndinə əsasən, 1 mediatorun 3 aylıq müddətə mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və 7 mediatorda pozuntu olmadığı aşkarlanaraq intizam icraatına xitam verilib. İntizam icraatı aparılan digər 4 mediator və 2 mediasiya təşkilatı üzrə intizam araşdırması davam etdirilir.

Qeyd edək ki, aktiv mediator fəaliyyəti ilə məşğul olmayan və üzvlük haqlarını ödəməyən 11 mediator öz ərizəsi ilə Mediasiya Şurasının üzvülüyündən xaric olunması ilə bağlı müraciət edib. Mediasiya Şurasının İdarə Heyəti tərəfindən onların müraciətinə baxılaraq, mediator fəaliyyətlərinə xitam verilib.

Beləliklə, Mediasiya Şurasının üzvlərinin sayı 214 nəfər olmaqla, 198-i aktiv fəaliyyət göstərən mediatorlardır. 16 mediator isə aktiv fəaliyyət göstərmir.

Qeyd edək ki, vətəndaşlar mediator və mediasiya təşkilatları barədə təklif və şikayətləri muraciet@mediasiya.gov.az elektron poçt adresinə göndərə bilərlər.

Oxşar xəbərlər