- 12 Mart 14:47
"Biz pozuntulara göz yuman təşkilat deyilik. Pozuntuya yol verən mediatorlar barədə hər dəfə ciddi ölçü götürülür və bundan sonra da götürüləcək".
E-huquq.az xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, indiyədək 60 mediator barəsində intizam icraatı aparılıb: "Aparılan intizam araşdırması nəticəsində İntizam Komissiyası tərəfindən təqdim edilmiş rəylər əsasında Mediasiya Şurasının İdarə Heyəti tərəfindən 8 mediator fəaliyyəti 6 ay müddətinə, 1 mediatorun fəaliyyəti isə 3 ay müddətinə dayandırılıb. Bundan başqa, 14 mediatora töhmət verilib, 6 mediatora isə xəbərdarlıq edilib".
Sədrin sözlərinə görə, 30 mediatorun hərəkətlərində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması faktı aşkar edilmədiyindən barələrində aparılan intizam icraatına xitam verilib: "1 mediator barəsində araşdırma davam edir".
Xəyalə Bünyatova