"Mediasiya sahəsində aparılan təbliğat öz nəticəsini verir" - MÜSAHİBƏ


  • 26 İyul 2022 15:41

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Nailə Eldarovanın e-huquq.az-a müsahibəsi

Nailə xanım, nəyə görə mübahisələri məhkəmədə yox, mediasiyada həll etməliyik? Bu, bizə nə qazandırır?

- İlk növbədə qeyd edim ki, mediasiya tərəfələr arasında olan mübahisələrə alternativ qaydada baxılması üsullarında biridir və üçüncü neytral tərəfin vasitəçiliyi iləmübahisə tərəfləri arasında barışığın əldə edilməsinə cəhddir. Yəni, mediasiya tərəflər arasında olan mübahisənin həllində tərəflərin əməkdaşlığına, ünsiyyətə və danışığa əsaslanır. Qədim zamanlardan mediasiya bir çox Çin, Asiya – Sakit Okean bölgəsində uğurla tətbiq edilib. Azərbaycanda isə “Medasiya haqqında” Qanun 2019-cu il tarixində qəbul edilib və 1 iyul 2021-ci il tarixindən qüvvəyə minib. Mediasiyanın üstünlüklərinə gəlincə isə, məhkəmədən fərqli olaraq mediasiya prosesində tərəflər sərbəstdirlər, qərarları onlar qəbul edirlər və məcburi qərar qəbul edilməsinin psixoloji təsiri altında olmurlar. Mübahisə tərəfləri olan fiziki və hüquqi şəxslər aralarında olan normal münasibətlərin saxlamaq, mübahisənin barışıq yolu ilə həll edilməsi, öz vaxtlarına və büdcələrinə qənaət etmək, kommersiya mübahisələri üzrə tərəflər arasında gələcək əməkdaşlığın qorunaraq normal əməkdaşlığın davam etdirilməsi, ən əsası ailə mübahisələrində (nikahın pozulması, uşağın hansı valideynin yanında qalması və uşaqla ünsiyyət və s.) valideynlərin uşaqların hüquqi və mənafeləri ilə bağlı hər bir məsələlərin həlli zamanı uşaqların məhkəmə zallarında psixoloji travma almamaları üçün məhkəmələrə deyil mediasiya təşkilatlarına müraciət edilməlidir. Belə ki, mediasiya prosesi zamanı tərəflər arasında olan mübahisə barəsində digər üçüncü şəxs qərar vermir, tam əksinə, mübahisənin həlli tərəflərin öz əllərində olur və öz maraqlarına uyğun nəticə əldə edə bilirlər, işlərə daha tez baxılır və nəticə hər iki tərəfin razılığı əsasında əldə olunur. Əldə edilmiş nəticə hər iki tərəf üçün məqbul nəticə olur, hər iki tərəf qalib tərəf olur. Məhkəmə prosesində isə bir tərəf qalib, digər tərəf isə məğlub olur.

Sizcə, uğurlu mediator olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?

- Mediator peşəsi çətin və böyük əzmkarlıq tələb edən peşədir. Digər peşələrdən fərqli olaraq, ictimai maraqlara xidmət edir. Uğurlu mediator olmaq üçün isə ilkin olaraq dinləmək, yüksək danışıqlar aparmaq, təhlil etmək qabiliyyətinə malik olmaqla sadə və səmimi, qərəzsiz, anlayışlı, səbrli, optimist, yaradıcı, intelektual olmaq lazımdır. Mediator mükəməl müzakirəçi olmalı və davamlı olaraq inkişaf etmək üçün bacarıqlarını təkmilləşdirməlidir.

Mediasiya proseslərinin həyata keçirilməsi zamanı hansı problemlərlə qarşılaşırsınız?

- Bildiyiniz kimi, mediasiya prosesi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanun ilə tənzimlənir. Mediasiya prosesinin keçirilməsi və barışıq əldə edilməsi üçün isə tərəflərin hər birinin iştirak etməsi zərurdir. Qanuna əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələri imperativ norma olaraq müəyyən edilsə də, təcrübədə mediasiya prosesində ilkin müraciət edən tərəf iştirak edir, digər tərəfin iştirakının təmin edilməsi hər zaman mümkün olmur. Çünki qanunvericilikdə digər tərəfin mediasiya sesiyasında iştirak etməsi üçün hər hansı imperativ norma müəyyən edilməyib. Mediasiya prosesində tərəflər arasında barışıq əldə edilməsi üçün ilkin olaraq hər iki tərəfin mediasiya sessiyasında iştirakının təmin edilməsi istiqamətində qanunvericiliydə müvafiq əlavələr edilməlidir.

Artıq bir ildir ki, mediasiya institutu fəaliyyətə başlayıb. Bu müddətdə cəmiyyətin mediasiyaya qarşı münasibətində hansı dəyişiklikləri müşahidə edirsiniz?

- Mediasiya prosesinin cəmiyyət tərəfindən qəbul edilməsi üçün prosesin mahiyyəti ilə bağlı insanlar daha çox maarifləndirilməli və insanlar mediasiyanın mahiyyətini dərk etməlidirlər. Mediasiya institutu ilk olaraq tətbiq edildikdə tərəflər məhkəməyə müraciət etmək üçün mediasiyaya arayış almaq niyyəti ilə müraciət edirdilər. Hazırda isə mediasiya sahəsində aparılan təbliğatlar nəticə verməkdədir. 1 il öncə ilə müqayisədə vətəndaşlar tərəflər arasında olan mübahisələrin məhkəmədən kənar mediasiya vasitəsi ilə həll edilməsinə daha çox maraq göstərirlər.

Xəyalə Bünyatova

Oxşar xəbərlər